12 Sentyabr 2019 10:55
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son günlər sosial şəbəkələrdə Azərbaycanda "Əxlaq Polisi"nin yaradılacağı barədə şayiələr yayılır. Bu cür söz-söhbətlər polisin Bakının mərkəzində turistlərə intim xidmət təklif edən yüngül əxlaqlı qadınlara qarşı mübarizəni gücləndirməsindən qaynaqlanır".

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, paytaxt sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, polis əməkdaşları Bakının bir sıra mərkəzi küçələrindən, xüsusən də “Torqovı”dan (Nizami küçəsi) Azərbaycan xalqının milli dəyərlərinə, mentalitetinə zidd hərəkətlərə yol verən və turistlərə ədəbsiz təkliflər edən qadınları yığışdırıb və onlara müvafiq xəbərdarlıq ediblər:

"Polisin bu hərəkətləri bütövlükdə şəhər sakinləri tərəfindən müsbət qarşılanıb. Ancaq son günlər sosial şəbəkələrdə bəzi istifadəçilər, polisin bu hərəkətlərinə əsaslanaraq, Azərbaycanda yeni bir qurumun - "Əxlaq Polisi"nin yaradılacağı barədə məlumatlar yayırlar. Bununla əlaqədar olaraq bildirirəm ki, bu bəyanatlar əsassızdır.

Ümumiyyətlə nə keçmişdə, nə də bu gün Daxili İşlər Nazirliyində "Əxlaq Polisi" strukturunun yaradılması üçün heç bir layihə olmayıb və yoxdur”.

Daxili İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Azərbaycan polisi indiyədək qanunda nəzərdə tutulmuş vəzifələri ləyaqətlə yerinə yetirib və bundan sonra da cinayətkarlığa, eləcə də vətəndaşların haqlı narazılığına səbəb olan hər hansı qanunazidd hərəkətlərə qarşı mübarizə aparacaq və ictimai sabitliyi təmin edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər