13 Sentyabr 2019 20:39
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birincisi, təəssüflər olsun ki, bu adam bütün bu cür toplantılarda, yaxud ikitərəfli müzakirələrdə həddini və yerini bilmir. Yəni, bu danışanda hamı dinləməli, başqaları danışanda bu müdaxilə etməlidir. Orada onun xüsusən BMT Nizamnaməsinin 26-cı maddəsinə istinad edərək xalqın üsyan hüququ haqqında danışması absurd idi və təbii ki, ağlı başında olan hər kəs belə bir şeyin olmadığını onun diqqətinə çatdırdı.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun sentyabrın 11-də “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masada və bu gün “Yeni Müsavat” qəzetinin redaksiyasında keçirilən, “Feysbuk” sosial şəbəkəsi vasitəsilə canlı yayımlanan debatda səsləndirdiyi fikirlərə münasibət bildirən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist A.Həsrət deyib.

Azər Həsrət qeyd edib ki, o, Sərdar Cəlaloğlunun “Yeni Müsavat” qəzetinin redaksiyasında keçirilən və canlı yayımlanan debatdakı çıxışına da baxıb: “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin preambulası – girişində belə bir hüququn (xalqın üsyan hüququ- red.) nəzərdə tutulduğu haqqında iddiasını sübut etməyə çalışırdı. Məsələ ondadır ki, orada da hüquqdan söhbət getmir. Sadəcə olaraq, insanların son çarə kimi üsyana əl atmaması üçün dövlətlərin və cəmiyyətlərin, ümumiyyətlə, insanlığın qarşısına vəzifə qoyulur. Yəni, BMT elə bir qurumdur ki, o problemləri, məsələləri üsyanla, yaxud zorakılıqla həll etmir. BMT istənilən məsələni dinc yolla, dinc vasitələrlə həll etməyə çağırışlar edir. Öz davranışında da bu cür hərəkət edir. Amma Sərdar Cəlaloğlu bu məsələdə yenə təkid elədi. Aynur Camalqızının ona cavabını da dinlədim. Aynur xanım konkret olaraq, BMT sənədindən maddələri səsləndirdi. Oradan göründüyü, yəni hamımızın da bildiyimiz kimi, Sərdar Cəlaloğlunun iddia etdiyi BMT Nizamnaməsinin 26-cı maddəsində də hansısa üsyan hüququndan söhbət getmir. Eləcə də sonra dedi ki, 29-cu maddə imiş. Orada da heç bir üsyan hüququndan söhbət getmir. Belə olduğunu görüb bu dəfə tamam başqa sənədin preambulasını gətirdi. Bir var BMT Nizamnaməsi, bir də var Ümumdünya İnsan Hüquqları Bəyannaməsi. Yəni, kor kor, gör gör. Bütün dünyanın bildiyi bir gerçəkdir ki, BMT heç bir sənədində heç vaxt üsyan üçün hüquq deyə bir şey tanımır. Tanımayıb, tanımayacaq da. Çünki bu, BMT-nin fəlsəfəsinə, ruhuna ziddir”.

Azər Həsrət başqa bir məqamı da müşahidə etdiyini vurğulayıb:

“Sərdar Cəlaloğlu o tədbirdə atmacaları ilə yadda qalıb. Təkcə Aynur xanıma, yaxud başqalarına verdiyi cavab deyil. Təəssüflər olsun ki, bu adam etik hədləri ədəbsizcəsinə aşmağa davam edir. Aynur xanımla danışanda bu adamın dəfələrlə onun səsini, sözünü kəsməyə çalışması, eyni zamanda bir qadınla, bir xanımla danışdığını faktiki olaraq, unutması və ona “sən” deyərək müraciət etməsi, əlbəttə, ədəb çərçivəsinə sığan bir şey deyil. Eyni zamanda mən müşahidə etdim ki, Sərdar Cəlaloğlu aparıcı Sevinc Telmanqızına müraciət edərkən belə “sən” deyə müraciət edir. Özü də canlı efirdə, yəni minlərlə insanın baxdığı efirdə sən aparıcıya “sən” deyə müraciət edə bilməzsən. Üçüncü, Aynur xanım telefon bağlantısını kəsdikdən sonra onun yenidən bu məsələnin üzərinə getməsi və yenə də nələrsə sübut etməyə çalışması, Aynur xanımı savadsızlıqda ittiham etməsi ədəb dışı bir şeydir”.

Müsahibimiz bir daha bildirib ki, BMT Nizamnaməsi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi hər kəs üçün əlçatandır və bu məsələlərlə məşğul olan hər kəsin o sənədləri oxuyub anlamaq imkanları var:

“Amma təəssüflər olsun ki, Sərdar Cəlaloğlu sadəcə olaraq, öz bilgisizliyi, yaxud bildiklərini qarışdırması üzündən bir tədbirdə söylədiyi yanlışın üzərindən hərəkət edərək, inadkarlıqla sübut etməyə çalışır ki, BMT dolayısıyla da olsa, insanlara üsyan hüququ tanıyır və Aynur Camalqızı kimi adamlar savadsızdır, bilgisizdir, dünyadan xəbəri yoxdur, bunu başa düşə bilmir. Əlbəttə ki, bu artıq başqa şeydən xəbər verir. Mənə elə gəlir ki, Sərdar bəy artıq yavaş-yavaş özünü həkimə göstərməlidir. Görünür, onun yaşlanması, üstəlik bu proseslərdə uzun illər əlləşib-vuruşub istədiyinə çata bilməməsi, yəni siyasi nəticələr əldə edə bilməməsi ona gətirib çıxarıb ki, bu həm özü fikirlərini qarışdırır, həm də başqalarına münasibətdə getdikcə aqressivləşir. Siz “Yeni Müsavat”ın canlı yayımında fikir verdinizsə, AMİP-in təmsilçisi Arzuman Əlizadə çox ədəblə, sakit, mədəni bir şəkildə müraciət edirdi, danışırdı. Təsəvvür edin ki, Sərdar Cəlaloğlu onun belə normal danışmasına imkan vermirdi. Yəni, bütün bunlar adamın artıq başqa yolda və başqa yöndə olmasından xəbər verir. Mən arzu edərdim ki, Sərdar bəy bir kişi olaraq özündə güc, qüvvə tapsın, media önünə çıxsın və desin ki, mən Aynur xanımı, elə Sevinc xanımın özünü də ədəb dışı formada incitdiyimə görə üzr istəyirəm. Çünki onun müraciət forması ədəb dışıdır. Şəxsən mən özümə heç vaxt bunu sığışdırmazdım, belə bir şey etməmişəm, etmərəm də və əminəm ki, normal siyasi etikası olan, ümumiyyətlə, etrikası yerində olan heç kim qadınlara, xanımlara qarşı bu cür davranmaz və Sərdar bəyi də davranmamağa çağırıram. Orada heç bir dəhşətli hadisə baş verməyib. O, BMT Nizamnaməsinə istinad edərkən səhv edib, indi səhvini üzünə vurublar, desin ki, bəli, qarışdırmışam, mən filan fikri demək istəyirdim, ola bilsin fikrimi çatdıra bilməmişəm. Yəni, bu situasiyada vəziyyətdən çıxmağın yolu budur. Amma bu adam nə deyir? Bu adam deyir ki, mən düz demişəm, siz başa düşməmisiniz. Bu artıq kobudluğun zirvəsidir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər