7 Oktyabr 14:08

"Sizi mühüm hadisə - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti ərəfəsində yenidən görməyimə şadam. Bu, mühüm hadisəyə hazırlığın son ştrixlərini müzakirə etmək üçün yaxşı imkandır. Biz çox fəal hazırlaşırıq. Əminəm ki, sammit yüksək səviyyədə keçəcək, bizim dövlətlərin əməkdaşlığı işində yeni mərhələlərə nail olacağıq”.

Teleqraf.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi ilə görüşündə deyib.

“Son illərdə əməkdaşlığımızın coğrafiyası genişlənir. Bizim üçün çox xoşdur ki, qardaş dövlətlər təşəbbüslərimizə qoşulur. İndiki sammit yubiley sammiti olacaq. Azərbaycanın qədim şəhəri olan Naxçıvanda 10 il əvvəl biz Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul etdik. Mən bu mühüm qərara gətirib çıxaran bütün məqamları təfərrüatı ilə xatırlayıram. Siz bilirsiniz ki, Azərbaycan qardaş dövlətlərin başçılarını ilk dəfə deyil ki, qəbul edir. Buna görə də əminəm ki, həm təşkilati tərəfi, həm də məzmun cəhəti yüksək səviyyədə olacaq. Bu mühüm tədbir ərəfəsində biz sizinlə sammitə hazırlıqla bağlı son məqamları müzakirə etməliyik ki, tədbir uğurla keçsin və bizim ölkələri daha da sıx birləşdirsin”, - deyə, dövlət başçısı əlavə edib.


Müəllif: Teleqraf.com