1 May 2014 11:00
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdrət Həsənquliyev: “Türkiyə iqtidarının belə mövqe sərgiləməsi Dağlıq Qarabağ probleminin həllini çətinləşdirir”

Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir.


- Qüdrət bəy, ermənilərin qondarma soyqırımı ərəfəsində Türkiyənin həm prezidenti, həm də baş naziri ermənilərə 1915-ci ildə baş verən hadisəyə görə başsağlığı verdi və dolayısı yolla olmayan bir "soyqırımı" tanıdı. Sizcə AKP hakimiyyətinin məqsədi nədir?

- Türkiyənin əvvəlcə baş naziri Rəcəb Tayyib Ərdoğanın, sonra prezidet Abdulla Gülün ermənilərə qondarma soyqırıma görə başsağlığı verməsi, hətta Türkiyəni faşist Almaniyası ilə müqayisə etməsi və Abdulla Gülün deməsi ki, "biz öz utancımızı və cinayətlərimizi artıq etiraf edirik", bu onu göstərir ki, Türkiyənin indiki rəhbərliyi demokratik düşüncəli insanlar arasında nüfuzunu itirdiyinin fərqindədir. Bu kimi, əslində öz xalqının maraqlarına uyğun olmayan addımlar atmaqla Qərbin ermənipərəst siyasi dairələrinin dəstəyini qazanmaq istəyirlər. Türkiyənin indiki iqtidarının belə mövqe sərgiləməsi həm də Dağlıq Qarabağ probleminin həllini çətinləşdirir. Ona görə ki, beynəlxalq aləm də, biz də həmişə özümüzü Türkiyə ilə eyniləşdirmişik. Fakiki surətdə Türkiyənin prezidenti və baş naziri beynəlxalq birlik qarşısında erməni xalqına qarşı onların babalarının "cinayətlər" törətdiklərini söyləməklə Türkiyəni xeyli dərəcədə çətin duruma saldılar. İnsanlar şüuraltı fikirləşir ki, ermənilər elə bu vəhşi millətin basqısı altında qalıb və təcavüzə uğrayıb, indi də anoloji proseslər baş verir. Bir sözlə, onlar erməniyə rəğbət qazandırırlar və Ermənistanın işğalçı dövlət kimi təcrid olunmasını çətinləşdirirlər. Eyni zamanda, işğalçı ölkəyə müəyyən təzyiqlər olunmasını mümkünsüz edirlər. Əvvəllər də söyləmişdim, indi də söyləyirəm ki, Türkiyənin indiki rəhbərliyi qaz və neftə görə Azərbaycan iqtidarı ilə yaxşı münasibətlər saxlayırlar. Ancaq Azərbaycanın dünyəvi dövlət olması, məsələn, Azərbaycanda bütün qadınların çarşaba bürünməməsi onları əsəbiləşdirir.

Onlar üzdə etiraf etməsələr də əslində Azərbaycanın sürətli inkişafında bir növ maraqlı görsənmirlər. Buna görə də Ermənistanla ticarət əlaqələrini genişləndirirlər, hətta sərhədləri də açmaq istəyirlər. Bilirsiniz ki, Azərbaycanın ciddi bəyanatları olmasaydı və deməsəydi ki, "biz bir çox müqavilələrə yenidən baxmalı olacağıq", Türkiyənin indiki hakimiyyəti Azərbaycanla tamamilə başqa cür davranardı. Türklər bizim can-qan qardaşlarımızdı. Ancaq Türkiyənin indiki rəhbərliyinin yürütdüyü siyasət Türk Birliyinə, Türkiyənin maraqlarına xidmət etməyən, əksinə, hakimiyyətdəki qrupun hakimiyyətdə qalmaq maraqlarına xidmət göstərən siyasətdir. Sözsüz ki, biz də buna etiraz edirik.

- Məlum başsağlığının ardınca Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin üzərindən soyqırım sözü çıxarıldı. Və bildirildi ki, bu, yuxarıların göstərişidir...
- Sözsüz ki, bu da bir detaldır. Bu addım da Türkiyənin indiki rəhbərliyinin mövqeyinin bir nümayişidir. Bilirsiniz, dinin siyasiləşməsi hər zaman ölkə üçün ağır nəticələr verib. Qonşu İran da, Türkiyə də gözümüzün qarşısındadır. Çox təəssüf, bizim umduğumuz və böyük ümidlə baxdığımız Türkiyə guya ki, yaxın qonşuları ilə "sıfır siyasəti" elan elədi, ancaq özünün xarici siyasəti sıfırdır. Baxın Misirlə, İsraillə, Suriya ilə düşmən münasibətdədir. Azərbaycanla bu cür münasibətlər davam eləsə sözsüz ki, ciddi problemlərin yaranması qaçılmazdı. İranla münasibətlərdə də ciddi problemlər var. Yəni "sıfır siyasəti" deyəndə, öz ölkənin maraqlarını qorumayıb başqalarına xoş gəlmək üçün addımlar atanda vəziyyət bu həddə gəlir. Məsələn, Ermənistan baş nazirin və prezidentin məlum başsağlığından sonra təzminat istəyəcək. Bundan sonra kürd separatçıları daha da aktivləşəcək. Məsələn, mənim üçün o zaman çox da uzaqda deyil ki, Öcalan azad olunacaq, PKK terrorçularından da üzr istəniləcək. Çünki PKK-nın bu gün etdiklərini ermənilər 1915-ci ildə edib və daha qanlı şəkildə.

- Artıq Türkiyə mətbuatı bu barədə məlumatlar yayıb.
- Bəli. Yəni Ərdoğan hakimiyyətdə qalmaq naminə separatçı kürdlərin, ermənilərin, Qərbdəki ermənilərin dəstəyini almaq üçün hər cür addımlar atır.

- Qüdrət bəy, bu ilin avqustunda Türkiyədə prezident seçkiləri keçiriləcək. Bütün bu addımlar seçkilərdə söylədiyiniz qüvvələrin dəstəyindən faydalanmağa hesablana bilərmi?

- Birmənalı şəkildə belədir. Qərb artıq Ərdoğanı diktator kimi qəbul etməyə başlayıb və mətbuat bu barədə yazır. Ərdoğan hesablayıb ki, ermənipərəst diaspora onun lobbiçiliyini aparacaq. Necə ki, separatçı kürdlər bələdiyyə seçkilərində Ərdoğanın partiyasına səs verdilər. Erməni diasporası da bu siyasəti davam etdirəcək və Qərbdə Ərdoğanın lobbiçiliyini aparacaqlar ki, birdən türk millətçisi hakimiyyətə gələ bilər. Bu baş verməsin deyə Ərdoğana üstünlük verəcəklər. Artıq AKP öz əməllərilə buna yol açıb. Hətta erməniləri ümüdləndirdilər ki, gələcəkdə kompensasiya verə, sərhədləri aça bilərik, Ermənistanın iqtisadiyyatının gücləndirilməsini həyata keçirmək üçün çox böyük investisiyalar yatırarıq. Bütün bunlar baş verərsə faktiki surətdə Amerika, Avropa Birliyi, o cümlədən Rusiya Ermənistanın saxlanmasını Türkiyənin üzərinə qoya bilər ki, erməniləri yaşatmaq sənin borcundur. AKP hakimiyyəti də hiss elətdirdi ki, bunları eləməyə hazırdı. Ərdoğan bunları öz hakimiyyətini sıxlamaq üçün eləyir.

- Ukraynada baş verən son proseslərlə bağlı fikrinizi bilmək istərdik.
- Ukraynada baş verən hadisələr Rusiya xüsusi xidmət orqanları tərəfindən çox ciddi şəkilə əvvəlcədən hazırlanıb. Əslində Rusiya keçmiş prezident Yanukoviçi sözdə müdafiə edirdi. Hadisələrin sonrakı gedişi də bunu təsdiqlədi. Yəni Rusiya istəsəydi Yanukoviçin əliylə Maydanı qısa bir müddətdə dağıdardı. Yanukoviç də öz səlahiyyətlərini başa vura bilərdi. Ancaq bu variant Rusiyanı qane eləmirdi. Rusiya hazırlaşırdı ki, Krımı Ukraynadan qopartsın və bu ölkənin daxilində bir xaos yaşansın. Rusiya görürdü ki, Ukraynada xalqın birmənalı şəkildə inandığı nüfuzlu və təcrübəli bir siyasətçi yoxdu ki, Yanukoviçdən sonra dövlətin məsuliyyətini öz üzərinə götürə bilsin. Timaşenko bütün dünya miqyasında dələduz, korrupsioner kimi tanınıb, Poroşenko iş adamıdır və iş adamının da dünyagörüşü, maraqları tamam başqadır. O da nüfuzlu siyasətçi deyil. Yəni indiyə kimi özünü təsdiq edə bilməmiş bir siyasətçidir. Kliçko da cavandı, başından o qədər zərbə alıb ki... Həm də Almaniyanın əlində bir oyuncaqdır. Rusiya görürdü ki, xalqı səfərbər edib arxasınca apara biləcək nə güclü bir partiya, nə də güclü lider yoxdur. Çexiyanın xarici işlər naziri yaxşı söyləmişdi ki, "bir qanqster qrupunu başqa bir qanqster qrupu əvəz edir". Belə olan halda Rusiya Yanukoviçi dəstəkləmədi və ölkədə boşluq yarandı, bundan istifadə edib Krımı tutdu. Hazırda Ukraynada hakimiyyətdə olanlar bilirlər ki, Yanukoviçə Qərb təzyiq elədi və onlar da Qərbin əliylə hakimiyyətə gəldilər. Baxmayaraq ki, Krımdakı Ukrayna hərbçilərinin sayı rus hərbçilərinin sayından bir neçə də artıq idi, ancaq Krımın müdafiəsi üçün indi hakimiyyətdə olanlar heç bir addım atmadılar. Sadəcə söylədilər ki, Rusiya bizi provakasiyaya çəkir. Bundan başqa onlar ilk gündən başladılar ki, Ukraynanın iqtisadiyyatı dağılıb, Ukrayna bankrot vəziyyətindədir, ordusu yoxdur və s. Bir sözlə xalqın psixoloji baxımdan döyüş əzmini qırdılar, sındırdılar. Xalq mübarizə ruhunu itirdi və insanlar artıq fikirləşdilər ki, sabah çörək olmayacaq, bunların maaşları verilməyəcək. Ona görə deyirəm ki, Yanukoviçdən çox indiki hakimiyyətə gələnlər Ukraynaya ziyan vurdular, öz qorxaqlıqlarıyla, əməlləriylə. Həm də biz bilirik ki, Timoşenkonun Rusiya ilə çox sıx əlaqələri olub. Hətta ola bilsin hansısa formada bir razılaşma da ola bilər. Görüdünüz, Maydanda insanlar yığışdı ki, niyə ölkəni müdafiə etmirsiniz, buna görə istefa verməlisiniz. Bunlar da guya ki, Şərqə qoşun göndərdilər. Sonradan bəlli oldu ki, qoşun yox, 3-4 dənə tank göndəriblər. Onların da Luqanskda ağızlarından vurub geri qaytardılar. Faktiki surətdə imkan verdilər ki, orada separatizm və Şərq bölgələrinin Ukraynadan ayrılması bir qədər də sürətlənsin. Buna görə də hadisələrin gedişatı göstərir ki, Timoşenkonun Rusiya ilə bağlılığı var. Bu, Ukraynanın yeni hakimiyyətinin Ukrayna xalqına xəyanətidir. İndiki hakimiyyətin Ukraynaya qarat olan ABŞ və Britaniyadan ciddi hərbi dəstək və nüvə silahının geri qaytarılmasını istəməmələri bunu göstərir ki, onlar həm belə tələbdə bulunmaqdan qorxurlar, çünki həmin dövlətlərin əliylə hakimiyyətə gəliblər, həm də burda Rusiya ilə bir anlaşma ola bilər. Bu variant da kənara qoyulmamalıdır, hətta ikinci variantın olmaq ehtimalı daha böyükdür.

- Bu hadisələrdə Qərbin, eləcə də Avropa Birliyini davranışları da qəbuledilməzdir.

- Bu gün Qərbin parlaq bir lideri yoxdur ki, hazırda qılıncını çıxarıb meydan sulayan Rusiyanın qarşısına çıxa bilsin. Bunlar birinci gündən Rusiyanı şirnikləndirmək üçün dedilər ki, biz Ukraynaya hərbi yardım etməyəcəyik, yalnız işğalçı dövlətə sanksiyalar tətbiq edəcəyik. Beləliklə də rus əsgərlərinə, Putinə imkan verdilər ki, o sərbəst şəkildə bildiyini eləsin. Ona görə əvvəllər də söyləmişəm, indi bir daha qeyd edirəm ki, Obama demokratik dünya üçün Putindən daha təhlükəlidir. Çünki tarix, bəzən tale necə ki, bir insanın üzərinə missiya qoyur, eləcə də dövlətlərin də üzərinə missiya qoyur. Bu gün demokratik dünyanın aparıcı dövləti həm iqtisadi, həm də hərbi gücünə görə ABŞ-dır. Bu ölkənin hərbi gücü Rusiyanın hərbi gücündən bir neçə dəfə artıqdır. Birinci gündən Amerika ortaya qəti mövqe qoysaydı ki, biz qarant dövlət kimi Ukraynanı bütün vasitələrlə qoruyacağıq, sizi əmin edirəm ki, heç nə baş verməyəcəkdi. Ancaq Putin bilirdi ki, Obamanın cəsarəti və xarakteri imkan verməyəcək ki, belə bir bəyanatla çıxış eləsin. Ona görə ki, Suriya məsələsində Putin qəti mövqe qoymaqla Avropa Birliyi və Obama öz bəyanatlarından imtina etdilər. Gürcüstan məsələsində də eyni hal baş verdi. Yəni Putin bilirdi ki, bunlar hara qədər gedə bilər. Demokratik dünyanın aparıcı dövlətinin qorxaq, cəsarətsiz lideri faktiki surətdə lazımi anda qətiyyətli mövqe ortaya qoymamaqla dünyada zora meydan verdi. İndi kim güclüdü bundan sonra başlayacaq kiçik dövlətlərə və öz kiçik qonşularına terror etməyə, qorxutmağa, hədələməyə və ərazilərini işğal etməyə. Putin Cənubi Koreyaya səfər edərkən orada bir bəyanat verdi və dedi ki, biz öz müttəfiqlərimizi qorumaq üçün hərbi gücdən də istifadə edəcəyik. Şimali Koreyanı da çox ciddi şəkildə hədələdi və tənqid etdi. Efir qarşısında ona qulaq asarkən öz-özümə fikirləşdim ki, böyük bir dövlətin başçısı indiki məqamda nə qədər rəzil vəziyyətdə olmalıdır ki, belə bir bəyanat verə bilsin. Yəni bütün dünya görür ki, sənin qarant olduğun dövlətin ərazisini başqa bir dövlət tutub və sən ona yalnız sanksiya tətbiq edəcəyini söyləyirsən. Amma Şimali Koreya hələ heç kimin torpağını tutmayıb, heç nüvə dövləti də deyil, hələ istəyir ki, özünün nüvə arsenalını yaratsın, genişləndirsin, Rusiya isə nüvə dövlətidi, deməli sən güclüdən qorxursan, zəifin üstünə isə xoxalanırsan. İndi real vəziyyət belədir. Avropalılar isə artıq öz həyatlarını qurublar. Bilirsiniz, insanlar bir çox hallarda onların öz maraqlarına toxunmayana qədər real təhlükəni görmürlər, qonşudakı yanğının onlara keçməyəcəyini düşünürlər. Buna görə də avropalılar Rusiyadan enerji asılılığındadı və deyirlər ki, bizim evimizdə qazımız, işığımız olsun Ukraynada nə baş verir versin. Dediyim kimi, liderlər də müharibəyə girməkdən qorxurlar və düşünürlər ki, bu, itkidir, təlafatdır. Ona görə də fikirləşirlər ki, Ukrayna başqa bir xalqdır qoy işğal olunsun. Bir daha söyləyirəm belə vəziyyət dünya üçün böyük təhlükə yaradır.

- Ukraynadakı hadisələrdən sonra ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz tvitter səhifəsində yazdı ki, "konfliktin həlli üçün variantlar axtarmaq lazımdır. Məsələn, ABŞ problemin həllinə necə köməklik edə bilər? Biz bir yol tapmalıyıq". Bəs sizcə, bütün baş verənlərin Dağlıq Qarabağ probleminə təsiri necə olacaq?

- Necə ki, Gürgüstana Rusiyanın hərbi müdaxiləsindən sonra Azərbaycanın öz torpaqlarını hərb yoluyla azad etməsinə böyük bir zərbə oldu, Ukraynada baş verənlər isə vəziyyəti bir qədər də çətinləşdirdi. Bundan sonra Rusiyanın daha açıq formada Azərbaycana hərbi təcavüz etməsi bir az da asanlaşdı. Azərbaycanın indiki vəziyyətdə prosesləri kənardan seyr etməkdən başqa yolu yoxdur. Hər zaman demişəm ki, müharibə aparan dövlət özünə müttəfiqlər tapmalıdır. Biz isə getdik Qoşulmayanlar Hərakatına üzv olduq. Faktiki surətdə özümüzü bitərəf elan elədik. Ermənistanın hərbi-siyasi müttəfiqi Rusiyadır və hərbi bazaları var. Azərbaycanın kimi var? Ən yaxın bizə Türkiyədir. Birinci Qarabağ savaşında mərhum Əbülfəz Elçibəy deyirdi: "Mən Türkiyədən iki vertalyot ala bilmədim ki, Kəlbəcərdən dinc əhalini çıxardım". Türkiyə müharibənin ən qızğın dövründə Avropa Birliyinin təkidilə Ermənistana taxıl verdi. Yəni Türkiyə də müəyyən mənada müstəqil dövlət deyil. Avropadan, Amerikadan asılı bir dövlətdir. Onlar da Azərbaycanı zəif bir dövlət kimi görmək istəyirlər. Hadisələrin gedişi bunu göstərir. Ona görə də Türkiyəyə də güvənməyinə dəyməz. Artıq bir çox ekspertlər bu barədə danışmağa başlayıblar.

- Azərbaycanın çıxış yolunu nədə görürsünüz?

- Azərbaycan istəsə də onu NATO-ya heç kim qəbul etməyəcək. Çünki Dağlıq Qarabağ problemi var. Ermənistan bu gün Rusiyanın hərbi-siyasi müttəfiqi olsa da, Krımın işğalına haqq qazandırsa da, BMT-də Rusiyanı dəstəkləsə də, yenə də Dağlıq Qarabağ məsələsində dünya bizim deyil, Ermənistanın yanında olacaq. Birinci Qarabağ savaşında da gördünüz ki, erməni bizim torpaqları işğala məruz qoydu, ancaq "907-ci düzəliş"i bir sanksiya kimi Amerika bizə tətbiq elədi. Burada erməni diasporasının faktoru var. Ona görə də bizim NATO-ya girməyimiz real deyil və bu istiqamətdə də ciddi səylər göstərməyə dəyməz. Bircə qalır Rusiya ilə dil tapmaq. Yəni Rusiya ilə hansı formadasa razılaşıb, onun maraqlarını regionda təmin eləmək, neft-qaz siyasətini razılışdırılmış şəkildə həyata keçirmək. Lazım gələrsə qazı Rusiyaya satmaq olar. Lazımdırsa burada Rusiyanın hərbi bazaları yerləşdirilsin. Yəni Azərbaycan öz dövlət müstəqilliyindən imtina etməmək şərtilə bir çox suveren hüquqlarından Qarabağ naminə güzəştə gedə bilər. Bu mənim şəxsi yanaşmamdı. Sözsüz ki, bütün bunlar ikitərəfli sazişlər əsasında olmalıdır. Həmin sazişdə də Rusiya öhdəlik götürməlidir və Ermənistandan tələb etməlidir ki, Azərbaycandan işğalçı ordusunu çəksin və əraziləri boşaltsın, Dağlıq Qarabağ problemi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Əgər bu da mümkün deyilsə, Rusiya bu şərtləri də qəbul eləmirsə, onda Azərbaycanın gözləməkdən və hərbi potensialını gücləndirmək, artırmaqdan başqa çarəsi yoxdur. Bu zaman Azərbaycan çalışmalıdır ki, Rusiyanı qıcınqlandıran siyasət yürütməsin və oturub daha əlverişli beynəlxalq şəraitin yaranmasını gözləsin. Bu da nə qədər çəkəcək bəlli deyil.

- Sizcə, Azərbaycan hərbi yolla işğal altında olan torpaqlarını azad edə bilərmi?

- Azərbaycanın hərbi yolla torpaqlarını azad eləməsinə ən yaxın müttəfiqimiz olan nə Türkiyə razı olar, nə İran buna imkan verər, nə də Rusiya və Qərb. Azərbaycanın müəyyən dairələrinin, siyasi partiyalırının, qeyri-hökumət təşkilatlarının işi və vətəndaş cəmiyyətlərinin borcudur ki, biz Cənubi Azərbaycan məsələsində soydaşlarımızın haqq səsini müdafiə edək, onların milli hüquqları uğrunda apardığı mübarizəni dəstəkləyək. Bilirsiniz ki, insan haqları heç bir dövlətin daxili işi deyil. Ona görə də Azərbaycan bu məsələdə Cənubi azərbaycanlılara dəstək verməlidir. Biz ən azından çalışmalıyıq ki, Qərb Dağlıq Qarabağ məsələsində dəstək vermirsə heç olmasa Cənubi Azərbaycan məsələsində dəstək versin. Oradakı insanları müdafiə eləsin və yardım göstərsin. Orada milli şüur yaranmalıdır, kimlərdə milli şüur varsa inkişaf etdirilməlidir. Bizim mədəni və milli birliyimiz yaranmalıdır. Siyasi və coğrafi birlik gələcəyin işidir.

O ki, qaldı daxildə hansı işlərin görülməsinə, nə qədər ki, atəşkəsdir, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirməlidir. Siyasi islahatlar aparılmalı, demokratik proseslər süətləndirilməlidir. Azərbaycanın qeyri-neft sektoru - kənd təsərrüfatı, xüsusilə də sənaye inkişaf etdirilməlidir. Bizim büdcəmiz neftdən xeyli dərəcədə asılıdır. Və Rusiya ilə Qərbin bu soyuq müharibəsi on illərlə davam edəcək. Ən azından Putinin Rusiyada hakimiyyətdə qalmaq ehtimalı çox böyükdür. Soyuq müharibə dövründə də Qərb onsuz da bilir ki, alçaldılıb. Obama daxilən cəsarət tapıb Putinin qabağına çıxmasa da, ancaq faktiki bilir ki, Putin onu alçaldıb. Biritaniyanın baş naziri Kameronu da, Avropa Birliyinin digər liderlərini də alçaldıb. Onlar kənardan nə qədər qışqırıb hay-küy salsalar da, Putin öz işini görüb və verilən bəyanatlara əhəmiyyət də vermir. Və Qərb çalışacaq ki, Rusiyadan enerji asılılığını azaltsın. Bu zaman başqa mənbələr axtaracaq. Tapanda da neftin və qazın qiyməti aşağı düşəcək. Belə olduğu təqdirdə Azərbaycan ciddi iqtisadi sıxıntılarla üz-üzə qalacaq. Bunun qarşısını almaq üçün indidən qeyri-neft sektoru inkişaf etdirilməlidir. Azərbaycanda müasir zavodlar, fabriklər tikilməlidir. Bizdə hazırda ən çox tikilən obyektlər idman sarayları, adminstrativ binalardı. Dövlət sahibkarlara məqsədyönlü şəkildə kreditlər verməlidir. Neft Fondunda toplanmış vəsaitin bir hissəsi yerli banklarda saxlanmalıdır. Çalışılmalıdır ki, həmin banklar sahibkarlara aşağı faizlə uzunmüddətli kreditlər versin. Əminəm ki, bu cür islahatlar aparılsa 4-5 il ərzində iqtisadiyyatda çox böyk dönüş yaranar. Baxın, Çindən Azərbaycana nə qədər keyfiyyətsiz mallar daşınır. Həmin malların əksəriyyətini Azərbaycanda istehsal eləmək mümkündür. Dəfələrlə parlamentdə qaldırmışam, indi də deyirəm səhiyyədə, təhsildə islahatlar aparılmalıdır. Ümumiyyətlə, ölkənin həyatı yenidən qurulmalıdır.

Nemət


Müəllif: Teleqraf.com