14 Oktyabr 2019 11:57
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının VII iclası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Türk Akademiyasının prezidenti Darxan Kidırali ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Türk Akademiyasının prezidenti Darxan Kidırali Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşünün yüksək səviyyədə keçiriləcəyinə inandığını vurğulayıb.

Darxan Kidırali Azərbaycanın akademiyanın fəaliyyətinə hər zaman dəstək verdiyini qeyd edib. Bu xüsusda akademiya tərəfindən həyata keçirilmiş bir sıra layihələri vurğulayıb. Onların sırasında UNESCO-da təşkil edilmiş konfranslar, həmçinin dərc edilmiş müxtəlif kitablar, o cümlədən ümumilli lider Heydər Əliyevə həsr edilmiş nəşrlərdən danışıb.

Akademiya tərəfindən Naxçıvan sazişinin 10 illiyi ilə əlaqədar Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurasının zirvə görüşü, Nəsiminin 650 illik yubileyi, habelə Xocalı soyqırımı ilə bağlı və digər tədbirlərin təşkil edildiyi qeyd olunub və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr haqqında məlumat verilib.

Darxan Kidırali akademiya tərəfindən çap edilmiş kitabları E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov öz növbəsində akademiya ilə mövcud olan faydalı əməkdaşlığı yüksək qiymətləndirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Müəllif: Səxavət