23 Oktyabr 2019 12:00
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması regiona və ondan kənarda təhlükəsizliyə ziyan vuran dağıdıcı faktordur.

Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin XVIII zirvə toplantısı çərçivəsində nazirlərin hazırlıq görüşündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, ABŞ-ın yürütdüyü iqtisadi müharibə, iqtisadi terrorizm sadə iranlılara qarşı yönəlib:
“Bu isə nəinki insanlığa, həmçinin dünya birliyinə və təhlükəsizliyinə ciddi təhdiddir”.

Cavad Zərif bildirib ki, Birləşmiş Ştatların Qoşulmama Hərəkatına üzv olan Kuba, Suriya, Venesuela, İran, hətta Çin və Rusiya kimi böyük dövlətlərə sanksiyalar tətbiq etməsi beynəlxalq iqtisadi münasibətlərə zərər vurur:

“Nəticədə milyonlarla insan və qlobal ticarət təhlükə altına düşür. Qlobal fəlakətin qarşısını almaq üçün beynəlxalq birliyin birləşərək, ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur etməsi olduqca önəmlidir. Bu gün ABŞ öz tərəfdaşlarına belə xəyanət etdiyini sübuta yetirib”.


Müəllif: Səxavət