1 May 2014 11:57
6 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlıda hər kəs 18 yaşlı Rəmziyyənin özünü asmasından danışır. Rayona getmək üçün əyləşdiyimiz taksidə də yolboyu ölkədəki intiharlardan danışdıq. Saatlıdan olan sürücünün sükutu pozmaq üçün “Mustafabəylidə intihar edən qızın atasını o gün rayona mən apardım” deməklə ortalığa mövzu atması işimizə yaradı.

***

Öyrəndik ki, Şəmmədova Rəmziyyənin atası yol idarəsində sürücü işləyir. İki qızı, bir oğlu var. Böyük qızı ailəlidir. Kiçik qızı mərhumə Rəmziyyənin bu il toyu olacaqdı. Amma...

***

Mustafabəyli Saatlının ən böyük kəndlərindəndir. Böyük olmasına baxmayaraq, kənddə geridəqalmış məhəllələr var. Bəzi ailələrdə uşaqlar məktəbə getmir. Xüsusilə də, qızlar ən yaxşı halda 9-cu sinifdə valideynləri tərəfindən təhsildən uzaqlaşdırılır. Rəmziyyə də məktəblə vaxtından əvvəl vidalaşan qızlardandır. Onların yaşadığı məhəllədə qızların əksəriyyəti vaxtından əvvəl məzun olurlar.

Rayon sakinləri Şəmmədovların evini soruşduqda istiqamət verdikdən sonra “qardaş ehtiyatlı ol. Ora başqa cür məhəllədir. Məktəb görməyən uşaqlardır” deməyi də unutmadılar. Hüzrlü ev magistral yolun təxminən iki yüz metrliyində yürləşir. Taksidən düşüb piyada ora yollandıq.

***

Bu gün həm də mərhumənin üç mərasimi idi. Həyətdə çadır qurulmuşdu. Darvazadan qara və qırmızı lentlər sallanırdı. İçəri girəndə yad adam olduğumuzu dərhal bildilər və sorğu-suala tutdular. Bakıdan gəldiyimizi, Teleqraf.com saytından olduğumuzu dedik və mərhumənin atasını soruşduq. İçəridə olduğunu dedilər. Mikrafonla Yasin oxunurdu. Mağarda özümüzə yer edib əyləşdik. Yasindən sonra baş molla dua oxuyana “bir az məşq eləmək lazımdır. Səhvlərin var” deyə iradı tutdu. Kürsüsüz kərpic evdə isə qadınlar "şaxsey-vaxsey" deyirdilər. Mərsiyyəçinin insanın tüklərini biz-biz edən sözlərindən sonra qadınların xorla “ya Hüseyn, vay Hüseyn” qışqırtıları ah-naləni daha da təsirli edirdi. Belə bir vəziyyətdə mərhumənin anasını danışdırmaq mümkün deyildi.

***

Nəhayət, Əlibala kişiyə yaxınlaşıb başsağlığı verdik və özümüzü təqdim etdik. Jurnalist olduğumuzu bilən kimi “heç bir açıqlama vermək istəmirəm. Cavan qızımı itirmişəm. Niyə görə intihar etdiyini özüm də bilmirəm” deyib bizimlə vidalaşmaq istədi. Amma “əliboş” geri qayıtmaq istəmirdik. Çox çək-çevir etdik, dilə tutduq, amma xeyri olmadı. Kişi “gedin, prokurordan soruşun, ifadəmizi vermişik. Başqa heç nə deməyəcəm” bildirdi.

Ə.Şəmmədov qızının nişanlı olması, istəmədiyi oğlana verildiyi üçün intihara əl atmasına dair yazılanları təkzib etməklə yanaşı, bu xəbərlərdən əsəbləşdiyini də qeyd etdi. O, “mənim qızımın hansısa oğlana görə intihar etdiyini yazanlarla sonra hesablaşacam. İndi başım qarışıqdır. Onu yazan jurnalistləri bir-bir tapıb cavabını verəcəm” dedi.

***

Atadan heç bir söz “qopara” bilməyəcəyimizi görüb yasda iştirak edənlərlə söhbətləşdik.

Kimisi, Rəmziyyənin istəmədiyi oğlanla nişanlandığını, kimisi onun qoşulub qaçdığını və sonra geri qayıtdığını söyləyir. O da bildirilir ki, Rəmziyyənin intihar etməsinə səbəb anasının onu bərk danlaması olub. Bütün bu iddialara cavab almaq üçün yenidən ataya yaxınlaşdıq. O, mədəni şəkildə bizdən mərasimi tərk etməyi xahiş etdi. Bildirdi ki, “Qanun və haqq” qəzetinin müxbirinə hər şeyi deyib. Orta yaşlı müxbirlə elə yasda görüşdük. “Həmkarımız” “adi intihardır, heç bir şey yazmaq lazım deyil” deyib, bizim mərasimi tərk etməyimizi məsləhət gördü.

Mustafabəylinin sahə müvəkkili Qorxmaz Mirzəyev bizimlə söhbətində bildirdi ki, intihar faktı ilə bağlı cinayət işi açılıb, istintaqı Rayon Prokurorluğunun müstəntiqi Aqil müəllim aparır. Aqil müəllim isə Teleqraf.com-a açıqlamasında qeyd etdi ki, o, mərhumənin valideynlərini danışdırıb: “Hazırda istintaq gedir. İndidən sizə bir söz deyə bilmərəm. Lazım olan məlumatları Baş Prokurorluğun mətbuat xidmətindən alın”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da qeyd etdi ki, intiharla bağlı cinayət işi açılıb: “Bilirsiniz ki, biz digər cinayət işlərindən fərqli olaraq intiharlarla bağlı ictimaiyyətə heç bir məlumat vermirik. Səbəb verilən məlumatların intihar edən şəxsin ailəsini narahat etməsi və ümumiyyətlə, bu kimi məlumatların cəmiyyət üçün arzuolunmazlığıdır”.

Mustafabəyli kənd orta məktəbinin direktoru Nizami Astanov Teleqraf.com-a açıqlamasında bildirdi ki, Rəmziyyə Şəmmədova onun rəhbəri olduğu məktəbdə təhsil almayıb: "Mən də dünən onun hüzr mərasimində iştirak etdim. Allah rəhmət eləsin. Amma o, bir gün də olsun, bizim məktəbdə oxumayıb". Nizami Astanov mərhumənin oxuduğu məktəbin adını açıqlamaq istəmədi".

Rayon Təhsil Şöbəsinin məsləhətçisi Nəriman müəllim isə bildirdi ki, Rəmziyyə Şəmmədova intihar edərkən 18 yaşı olub. Odur ki, onun intiharının məktəbə gedib-getməməsilə heç bir bağlılığı ola bilməz: "Hadisədən xəbərim var. Burada Rayon Təhsil Şöbəsini günahlandırmaq düzgün deyil. Məktəbyaşlı olsaydı, burada bizim də məsuliyyətimiz olardı".

Ruslan Xəlil


Müəllif: Ruslan Xəlil