Budur, daha bir ölkə insanlığa qarşı haqsızlıq etdi. Xocalıda törədilən soyqırımından söz açmadı, ancaq 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri "soyqırımı" kimi tanıdı. Yaxın Şərqdə uzun onilliklər boyu məhv edilən məzlumlar – uşaqlar, qocalar, qadınlar yada düşmədi.
Tarixdən silinən xalqlar unuduldu. Lakin növbəti dəfə uydurma "erməni soyqırımı" iddialarını gündəmə gətirdilər. Və bunu özünü dünya demokratiyasının beşiyi sayan ABŞ-ın qanunvericiləri etdi. "Erməni soyqırımı"nı Amerika Konqresinin Nümayəndələr Palatasının tanıması islamafob, antimüsəlman və antitürk meyillərin güclənməsinin təzahürü olmaqla yanaşı, bu ölkənin tarixində bir ləkə kimi də xatırlanacaq. Zaman gələcək, amerikalılar bu hadisədən xəcalət çəkəcəklər. İndi Konqresdə timsah göz yaşlarını tökənlərin övladları utanacaqlar. Hələlik isə bu hadisədən öz geosiyasi, ideoloji, təbliğati və informasiya maraqları üçün istifadə etməyə çalışanlar vardır. Onlar da bumeranqa rast gələcəklər. Bütün bunların fonunda Konqresin aşağı palatasının qəbul etdiyi qərarın qlobal geosiyasi mühitə mümkün təsirləri üzərində geniş dayanmağa ehtiyac duyuruq.
Tarixə haqsızlıq: Amerika bu addımı da atdı
Amerika növbəti ədalətsiz addımını atdı. Bu ölkə Konqresinin Nümayəndələr Palatası qondarma "erməni soyqırımı"nı tanıdı. Bütün dünya bu hadisəyə reaksiya verdi. Belə görünür ki, bir sıra dairələr bu ədalətsizlikdən ideoloji və təbliğat vasitəsi kimi istifadə etməyə çalışırlar. Onlar "dərin" analizlərlə Konqresin heç nəyə yaramayan bu kağızından harada və necə istifadə etməyi müzakirə etməyə çalışırlar. Məsələnin bütün bəşəriyyət üçün üzqarası sayıla biləcək tərəfi isə kölgədə qalmaqdadır.
Problem onunla bağlıdır ki, bu hadisə ABŞ-ın Suriya məsələsi və S-400-lərə görə Türkiyədən "intiqam alması" kimi təqdim edilir. Belə çıxır ki, əgər Türkiyə Suriyada ABŞ-a boyun əysə idi və S-400-ləri almasa idi, onda 100 il əvvəl erməniləri "soyqırımı"na uğradan olmayacaqdı. Yəni, faktiki olaraq, bu addım bütün dünyaya bir təhdiddir. Onun mənası çox sadədir: "əgər Amerikanın dediyi ilə oturub durmasanız, onda Marsda da soyqırımı törədən ola bilərsiniz və bu zaman "Marsda həyat yoxdur" həqiqəti keçərli deyil, əsas odur ki, Vaşinqtonda nə düşünürlər!"
Digər düşündürücü məqam ondan ibarətdir ki, "soyqırımı" məsələsinə Amerikadakı "Xristianları müdafiə" təşkilatı aktiv dəstək verib. Dünyəvilikdən, demokratiyadan, mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqdan dəm vuran bir ölkədə dini ayrı-seçkilik edənlər iş başındadırlar? Yəni ancaq xristianların hüquqlarını müdafiə edirlər? Başqa dinə qulluq edənlər insan deyillər?
Lakin məzhəkə bununla bitmir. Amerika Konqresi Türkiyəyə qarşı həm də sanksiyalar məsələsini qabardıb. Qərara alıblar ki, Türkiyənin rəsmi şəxslərinə qarşı sanksiya tətbiq etsinlər və buraya Rəcəb Tayyib Ərdoğanın ailəsinin də maliyyə fəaliyyəti daxil edilsin. Soyqırımı və sanksiya! Əhsən, Amerika, sən necə də "böyük və qüdrətlisən"! Suriya və İraqda 100 minlərlə insanı qətlə yetirib adını da "terrorla mübarizə" qoyursan! Sonra 1915-ci il hadisələrindən "soyqırımı" düzəldirsən və həm də açıq deyirsən ki, mən müstəqil dövlətləri sevmirəm!
Bütün bunları ABŞ ATƏT-in Minsk qrupunun həmsədri ola-ola edir. Guya Amerika Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dinc yolla ədalətli həll edənlər sırasındadır. O, həm Dağlıq Qarabağdakı quldur, qeyri-legitim, terrorçu rejimə yardımlar göstərir, həm Ermənistanda hakimiyyət çevrilişləri edir, həm erməni diasporuna hamiliyini əsirgəmir, həm də "ədalətliyəm və tərəfsizəm" deyir. İnsafən, digər həmsədr dövlətlər bunlardan elə də fərqlənmirlər. Uzun illərdir ki, nə münaqişə həll edilir, nə də həqiqətlər real etiraf edilib, təcavüzkara qarşı addım atılır.
Məsələn, Xocalıda əsl soyqırımının olduğunu hamı bilir. Son olaraq ingilis jurnalist erməni nazirin üzünə dedi ki, "siz Dağlıq Qarabağda hərbi cinayətlər törətmisiniz". Bundan başqa, dünyanın bir sıra ölkələrinin parlamentləri Xocalı soyqırımını tanıyıb. Ancaq ATƏT-in Minsk qrupunun hansı həmsədri bu məsələyə açıq, vicdanlı, ədalətli və obyektiv münasibətini bildirib? Əvəzində onların hər biri – Fransa, Rusiya və indi də ABŞ, 1915-ci il hadisələrini tanıyıblar. Bu mövqedə olanlar hansı ədalətlə Ermənistanın təcavüzkar olduğunu konkret deyib, münaqişənin sülh yolu ilə obyektiv həllinə çalışacaq?
İllərdir ki, Azərbaycan diplomatiyası böyük fəallıqla həqiqətləri dünyaya çatdırır. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatının simasında dünyanın 120 ölkəsi Ermənistanın təcavüzkar olduğunu birmənalı qəbul etdi. Təsəvvür edin ki, BMT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar sənədlərində yazırlar ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və oranı qeyd-şərtsiz tərk etməlidir. Bəs həmsədrlər bunun müqabilində hansı addımları atırlar? Biri frankofoniyanı İrəvanda keçirir, digəri bütün sahələrdə havadarlıq edir, üçüncüsü isə maliyyə yardımı göstərir, müxtəlif hoqqalardan çıxır. Belə bir vəziyyətdə onların heç biri münaqişənin ədalətli həllinə çalışmaz. Əksinə, Türkiyə təcrübəsi göstərir ki, fürsət düşəndə çox ədalətsizcəsinə və qətiyyən çəkinmədən ermənilərin xeyrinə addım atacaqlar!
"Domino effekti": dünyada neçə soyqırımı olub?
Bunlardan başqa, ABŞ Konqresinin bu qərəzli addımı bütün dünyada çox təhlükəli bir tendensiyaya təkan verə bilər. Çoxlu sayda dövlətlər çoxlu sayda soyqırımları tanımağa başlayarlar. Bu, bir yarışa, hətta rəqabətə çevrilə bilər. Çünki dünyanın bütün dövlətləri müharibə ediblər. Xüsusilə Amerika, Avropa, Rusiya, Çin, Yaponiya, Braziliya, Argentina və b. Müharibədə də mütləq insanlar həlak olur, itkin düşürlər, onlara işgəncə verənlər tapılır. Yəni, potensial olaraq dünya miqyasında minlərlə "soyqırımı" faktları mövcuddur. İndi onların hamısını parlamentə çıxarmaq lazımdır. Niyə də olmasın? Başqa xalqların ermənilərdən nəyi əskikdir?
Məsələn, Mərkəzi asiyalılar çar Rusiyası dövründə qırğızların soyqırımını niyə gündəmə gətirməsinlər? Çinin uyğurlara qarşı etdiyi zülm niyə gündəmə gətirilməsin? Myanmarda törədilən soyqırımı nədən qəbul edilməsin? Fransanın Afrikada (Ruanda, Əlcəzair və s.) törətdiyi niyə soyqırımı kimi qəbul edilməsin? Amerikanın hinduları yer üzündən silməsi hansı səbəbdən soyqırımı olmasın? Amerikalıların İraqda, Əfqanıstanda, Suriyada, Liviyada və başqa ölkələrdə törətdikləri kütləvi qətllərin adı nədir? Azərbaycanlıların sovet dönəmində təkrar-təkrar deportasiya olunmaları, Sibirə sürgün zamanı onminlərin şəraitsizlikdən vəfat etmələri niyə unudulsun? Almanların İkinci Dünya müharibəsində çoxlu sayda xalqlara qarşı törətdikləri vəhşiliklər niyə soyqırımı olmasın və sair? Mayyaların Meksikada yox edilməsi soyqırımı deyilmi?
Hələ çox hadisələri sadalamaq olar. Lakin bu cür yanaşmanın təhlükəli və xeyli dərəcədə zərərli olduğunu görmək üçün də vurğulanan nümunələr kifayətdir. Əsas məsələ odur ki, müasir dünyada ədalət və beynəlxalq hüquq kənara atılıb. Gücü çatanlar öz maraqları naminə ən qəddar, ədalətsiz və hüquqa sığmayan hərəkətlərindən qalmırlar. Adını da adətən demokratiya, sivillik, terrorla mübarizə qoyurlar. Reallıq isə başqadır: hər yerdə haqsız yerə insanlar qətlə yetirilir, ümumiyyətlə, insan olana qarşı soyqırımı törədilir.
Bunların prizmasından ABŞ Konqresinin Nümayəndələr Palatasının çıxardığı qərar son dərəcə əsassız, qərəzli və hüquqa tam zidd hadisə kimi görünür. Bu ədalətsizliyi dünyanın 30-a yaxın dövləti edib. Görünür, proses davam edəcək. İndi Türkiyə parlamenti öz mövqeyini bildirməlidir. Çox güman ki, Türkiyə də hansısa cavab addımını atacaq. Sonra başqa bir ölkə parlamenti analoji hərəkət edəcək və s.
Müasir fransız tarixşünası Pyer Nora Fransa parlamentinə etiraz olaraq bəyan etmişdi ki, parlament keçmişdə baş verən hadisələrə hakimlik etməməlidir. Onun işi müasir cəmiyyət üçün qanun yaratmaqdır. Tarixlə tarixçilər məşğul olmalıdırlar. Parlament keçmiş haqqında indiki ölçülərlə hansısa qərar çıxarırsa, bu, məntiqsizlikdir, reallığa uyğun deyil. Çünki keçmişdəki şərtlər tam fərqli olub, onlara siyasi qiyməti indiki meyarlarla vermək süni, qərəzli və intriqa yaradan bir addımdır. Görünür, bu məşhur tarixçini Qərbdə eşidən yoxdur.
Belə çıxır ki, faktiki olaraq, Amerika Nümayəndələr Palatası dünya miqyasında vəziyyəti gərginləşdirən addım atıb. Olmayan bir hadisəni siyasi motivlərə görə real baş verən kimi tanımaqla, beynəlxalq hüququ tapdalayıb, bəşəriyyətin vicdanına xəyanət edib. Təbii ki, Türkiyə bu saxta sənədi tanımayacaq və qəbul etməyəcək. Ankara öz yoluna davam edəcək. Müstəqil siyasətini inkişaf etdirib, daha da güclənəcək. Dünya miqyasında sayılan və sözü eşidilən dövlət olaraq yeni zirvələrə yüksələcək. "Soyqırımı" oyunundan dividend götürmək istəyən ölkələr də heç nə qazana bilməyəcəklər. Əksinə, bumeranq onların öz başında partlayacaq.
Lakin başlıca məqam ondan ibarətdir ki, dünyanın artıq ədalət hissinə inamı qalmayıb. Bu da qarşılıqlı şübhə, etimadsızlıq və nifrət oyadır. Belə davam etsə, doğrudan da yeni dünya müharibəsi meydana gələ bilər. Bundan heç kəsin xeyir götürməyəcəyi aydındır. Azərbaycan isə bir daha əmin olur ki, münaqişəni ədalətli həll etməyə məsul olanların özləri yeni-yeni ədalətsizliklər edirlər! Belə bir şəraitdə əlac Azərbaycan Ordusuna qalır! Müharibəni biz istəmirik, qarşı tərəf və onun havadarları şantaj edirlər!
Newtimes.az