15 Noyabr 2019 21:54
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası mərkəzi aparatının rəhbəri Gülağa Aslanlı da partiya ətrafında yaranan son "mühacir alveri" qalmaqalına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, G.Aslanlı sosial şəbəkədə yazdığı statusunda partiyaya qarşı ünvanlanmış ittihamları rədd edib.

Partiya təmsilçisinin statusunu təqdim edirik: "Müsavat Partiyası adından saxta sənəd verən cinayətkar dəstənin olduğunu, ilk dəfə Müsavat Partiyasının rəhbərliyi hələ 2014-cü ilin əvvəllərində müəyyənləşdirib və bu barədə rəsmi bəyanat yayıb. Sonrakı illərdə dəfələrlə, əlimdə Müsavat Partiyası tərəfindən verilən saxta sənədlər var deyənlərə, o sənədləri birlikdə araşdırmağa hazırıq desək də, bizə belə sənəd təqdim edən olmayıb.

Nə vaxt açıldığını dəqiq bilməsəm də Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Istintaq Idarəsində şərti adı "saxta sənədlərlə" bağlı aparılan tədqiqatların nəticəsində bu günə kimi bizə Müsavat Partiyası tərəfindən verildiyi təsdiq olunan hər hansı sənəd təqdim olunmayıb. Tədqiqata təqdim olunan sənədlərin Müsavat Partiyasının adından istifadə edilməklə tam saxta şəkildə hazırlandığı, saxta olduğu aşkarlanıb. Bu il ərzində müzakirəyə çıxarılan üç arayışın Müsavat Partiyası tərəfindən verildiyi və həqiqi olduğu, bu sənədləri ortaya çıxarınlar tərəfindən etiraf olunsa da, yalnız bir sənədin onlarda inam yaratmadığı haqqında subyektiv fikirdən başqa ortaya əsaslı heç nə qoyulmayıb.

Hazırda Almaniya polisinin qeyri qanuni mühacir transferi ilə bağlı apardığı əməliyyatın rəsmi nəticələrini gözləmədən, rəsmi sənədlərə istinad etmədən, özlərinin subyektiv fikirləri əsasında, az qala Almaniya dövləti adından qərarlar çıxaranlar da yaxın günlərdə həqiqəti əks etdirən cavablarını alacaqlar.

Son hadisələrin "saxta sənədlər" anlayışı ilə aşağı-yuxarı heç bir əlaqəsi yoxdur".

G.Aslanlı sonda partiya üzvlərinə müraciət edib: "Müsavat Partiyasının üzvlərinə narahat olmamağı, yalanlara uymamağı tövsiyyə edir, şər və böhtanla məşğul olanlarla isə mübarizəmizi hüquqi yolla davam etdirəcəyimizi bildirirəm.
Sona qədər haqqın və ədalətin yanında olacağıq. Mühacir və saxta sənəd alverində iştirakı təsdiqlənən şəxslər, şər və böhtanı uyduran və yayanlar bizimlə bir sırada ola bilməzlər!

Dedim ki, sonra, "Deməyin ki, demədi"."


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər