Bu gün bəstəkar, ictimai-siyasi xadim Üzeyir bəy Hacıbəylinin vəfat günüdür. Üzeyir bəy 3 müxtəlif siyasi qurumda yaşadığı üçün onun yaradıcılığının hər dövrü özünəməxsus olmaqla yanaşı, həm də bir tamlıq təşkil edir. Bu yazıda onun Azərbaycan SSR dönəmindəki fəaliyyətini fotoşəkilləri və müxtəlif materiallar əsasında təqdim edəcəyik.
Cümhuriyyətin süqutundan sonra Üzeyir bəy 1920-ci ildə Qızıl Ordu Siyasi İdarəsinin İncəsənət şöbəsinə rəhbərlik edib, 1921-ci ildə ASSR Xalq Maarif Komissarlığı İncəsənət şöbəsi Musiqi bölməsinin müdirliyi ona tapşırılıb. Həmin il onun təşəbbüsü ilə musiqi məktəbi təşkil edilib. Üç il sonra həmin musiqi məktəbinin əsasında Bakı Musiqi Texnikumu yaradılıb, Hacıbəyli oranın ilk direktoru olub. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yaradılıb, Üzeyir bəy əvvəlcə rektor müavini, daha sonra isə (1939-da) rektor təyin olunub. 1936-cı ildə Azərbaycan Dövlət Xorunu təşkil edib, 1937-də Bəstəkarlar İttifaqının sədri seçilib.
Üzeyir bəy 1937-ci ildə ASSR xalq artisti, 1938-ci ildə isə SSRİ xalq artisti ünvanını qazanıb. 1937-ci ilin dekabrında birinci çağırışda SSRİ Ali Sovetinə deputat seçilib, 1938-ci ildə Lenin ordeni ilə mükafatlandırılıb. Ordeni Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.İ.Kalinin təqdim edir.
Hacıbəyli 1932-1937-ci illərdə “Koroğlu” operası üzərində çalışıb. 1937-ci ilin 30 aprelində M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrında “Koroğlu” operası tamaşaya qoyulub. Operanın ilk tamaşasının rejissoru İsmayıl Hidayətzadə, dirijoru isə özü idi. Əsas ifaçılar Bülbül, Gülarə İsgəndərova, Əli Zülalov, Məmmədtağı Bağırov, Böyükağa Mustafayev olublar. Koroğlu rolunun ilk ifaçısı Bülbül sonralar deyəcəkdi: “Mən teatrımızın səhnəsində xalq qəhrəmanı Koroğlu rolunda 400 dəfədən çox çıxış etmişəm. Hər dəfə bu rolu ifa edərkən Üzeyir bəyin sənətinə valeh oluram”.
Hüseyn Cavid isə belə demişdi: ““Koroğlu” operası Azərbaycan opera aləmində öz revolyusion coşqunluğu ilə, bədii yenilikləri ilə, parlaq xalq musiqisi ilə son dərəcə yüksək bir mövqe tutmaqdadır”.
1940-cı ildə professor ünvanı qazanan Hacıbəyli 1941-ci ildə “Koroğlu”ya görə Stalin mükafatına layiq görülüb. ASSR Elmlər Akademiyası yaradılandan sonra oranın həqiqi üzvləri sırasına daxil olub, EA-nın İncəsənət İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 1945-ci ildə “Azərbaycan xalq musiqisinin əsasları” adlı monoqrafiyası çap olunub. Üzeyir bəyin ASSR-ə bir xidməti də Səməd Vurğun və Süleyman Rüstəmin birgə yazdığı mətnə musiqi bəstələməsidir. Həmin musiqi ASSR-in himni olub. II Dünya müharibəsi ərəfəsində “Şəfqət bacısı”, “Qızıl Ordu marşı”, “Ananın oğluna nəsihəti”, “Vətən və cəbhə”, “Vətən ordusu”, “Döyüşçülər marşı”, “Yaxşı yol”, “Qələbə himni” kimi əsərlər ərsəyə gətirib. Əsərləri arasında Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr etdiyi “Sənsiz” (1942) və “Sevgili canan” (1943) romansları xüsusi yer tutub. Üzeyir Hacıbəyli həyatının son illərində “Firuzə” adlı opera üzərində işləyib. Yarımçıq qalmış, tamamlanmamış bu operadan yalnız “Firuzənin ariyası” qalıb. Bəstəkarın 1945-ci ildə 60 illik yubileyi keçirilib və o, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub.
1948-ci il noyabrın 23-də səhər vaxtı radiodan Üzeyir bəyin ölüm xəbəri yayılıb. Azərbaycan SSR Elmlər Akademiyasında vida görüşü keçirilib, Bülbül “Sənsiz”i ifa edib, Səməd Vurğun onun ölümünə həsr etdiyi “Ölümün acığına” adlı şeirini oxuyub. Tabutunun önündə Mircəfər Bağırov gedib…
Üzeyir bəy Fəxri Xiyabanda dəfn edilib.