Təhsil Nazirliyi 2014-2015-ci ildə tələbə qəbulu planında olan dəyişiklərlə bağlı mətbuat konfransı keçirib.
Teleqraf.com-un xəbərinə görə, tədbirdə nazirliyin qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov bu il qəbul prosesindəki yeniliklərdən danışıb. Onun sözlərinə görə, bu ilki tədris ilində əyani təhsil forması üzrə qəbul planı 1% artırılıb. Özəl ali məktəblərdə qiyabi təhsil forması üzrə qəbul planı isə ləğv edilib.
Digər ali məktəblərdə qiyabi təhsil forması üzrə qəbul 2 dəfədən çox azaldılıb, həmin yerlər əyani qəbul forması üçün ayrılıb.
Təhsil nazirliyi növbəti tədris ilində daha bir yeniliyi açıqlayıb. Cəsarət Valehovun bildirdiyinə görə, Azərbaycan Müəllimlər İnstitutunda pedaqoji ixtisaslara 2014-2015-ci tədris ilində qəbul planı verilməyəcək: “Pedaqoji ixtisaslar üzrə qəbul planı yalnız Qafqaz Universiteti, Xəzər Universiteti və Bakı Qızlar Universitetinə verilib. Bunun səbəbi isə adı çəkilən universitetlərdə kadr hazırlığının qənaətbəxş olmasıdır”.
Nazirlik rəsmisi kənd təsərrüfatı ixtisasları üzrə isə yalnız dövlət sifarişi əsasında qəbul planı ayrılacağını bildirib. Magistratura pilləsinə də qəbulda bu il dəyişikliklər olacaq: “Bu il magistr pilləsinə qiyabi təhsil forması üçün plan yeri ayrılmayıb. Bundan başqa, bakalavr pilləsindən buraxılışı olmayan ixtisasların magistr pilləsi üzrə də plan yerləri ayrılmayıb. Məsələn, bank işi üzrə bakalavr ixtisası yoxdur. Onun magistratura səviyyəsinə də plan yeri ayrılmayıb. Orta ixtisas təhsil müəssisələrində real tələbata əsaslanmadan artırılmış qəbul yeri azaldılıb. Onun sayı 15 667dən 11 267-ə enib”.
Cəsarət Valehovun sözlərinə görə, orta ixtisas peşə təhsili məktəblərində ibtidai sinif və informatika müəllimliyi ixtisasları da qəbul planından çıxarılıb: “Çünki ali məktəblərin pedaqoji təhsil ixtisasları üçün daha geniş imkanlar var. Orta ixtisas peşə məktəblərində, yəni kolleclərdə qiyabi təhsil forması üçün plan yeri 4,1 dəfə azaldılıb”.