Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS İnformasiya Agentliyinə, Rusiyanın nüfuzlu rəsmi qəzeti olan “Rossiyskaya qazeta” nəşrinə və “Rossiya-24” telekanalına müsahibə verib.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidentinin müsahibəsi noyabrın 24-də TASS İnformasiya Agentliyinin və “Rossiyskaya qazeta”nın saytlarında yerləşdirilib. Noyabrın 25-də isə müsahibə geniş oxucu kütləsi olan rəsmi “Rossiyskaya qazeta” nəşrində dərc edilib.
Birinci vitse-prezident Mehriban Əliyeva müsahibəsində Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın suallarını cavablandırıb, Rusiya Federasiyasına rəsmi səfərindən danışıb, ölkələrimizi möhkəm dostluq və qonşuluq ənənələrinin birləşdirdiyini, Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunduğunu vurğulayıb, həyata keçirilən birgə layihələri qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyeva müsahibədə iki ölkə arasında humanitar sahədə münasibətlərin dərinləşməsi istiqamətində görülən işlərdən, Azərbaycanda rus dilinə və mədəniyyətinə olan diqqətdən, ölkəmizdəki multikultural mühitdən, Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində yaradılan “Azərbaycan” pavilyonundan danışıb. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini qeyd edən Azərbaycanın Birinci vitse-prezidenti müsahibənin sonunda qarşıdan gələn Yeni il bayramı münasibətilə Azərbaycan və rus xalqlarına xoş arzularını çatdırıb.