6 Dekabr 2019 13:19
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilir.

Teleqraf.com xəbər verir ki, respublikanın bütün regionlarını əhatə edən və şairin doğulduğu Şamaxı şəhərində start verilən kampaniyada ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə 5 mindən çox ağacın əkilməsinə başlanılıb:

“Bura zeytun, badam, əsasən meyvə ağacları aiddir. Regionlarda bu gün ərzində 50 min ağac əkilib. Əminik ki, bu tədbirlə Azərbaycanda çox xeyirxah bir ənənənin əsası qoyulacaq və daha yaşıl Azərbaycan naminə belə kütləvi aksiyalar bundan sonra da davam etdiriləcək".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir:

“Ölkəmizdə yeni yaşıllıq zonalarının salınması Azərbaycanımızın daha da gözəlləşməsinə, zənginləşməsinə böyük töhfədir".

BMT-nin Ərzaq və Kənd Təsərrüfati təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ETSN-in təşkil etdiyi Nəsimin 650-illiyinə həsr olunan ağacəknə bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. O bildirib ki, bu kampaniya BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı üçün önəmlidir:

“Meşələrin artırılması yolu ilə biz karbon qazının atmosferə buraxılmasının qarşısını ala bilirik. Karbon qazının azaldılması, torpaqda saxlanılması həm də biomüxtəlifliyin qorunması və kənd təsərrüfatı baxımından önəmlidir. Fauna və flora müxtəlifliliyi, arıların çoxalması, bal verməsi məqsədilə meşələri vacib sektor kimi görürük”.

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, bu layihə ilk növbədə vəzifəsindən asılı olmayaraq, hər kəsin bir hədəf ətrafında birləşməsinə imkan verir:

“Kampaniya ətraf mühitin sağlam olmasına töhfədir. Belə bir tədbirdə iştirak etmək qürurvericidir. Bundan insanlar faydalanacaq, ölkəmiz gözəlləşəcək. Ətraf mühit sağlamlaşacaq. Bütün bunlar pozitiv münasibət formalaşdırır, dostluğu və birliyi möhkəmləndirir. Burda gördüyünüz birlik hər şeyə dəyər. Biz hər birimiz dövlətimiz, xalqımız üçün çalışırıq. Bu cür layihələrin keçirilməsi təqdirəlayiq və sevindiricidir. Bundan sonra da bu cür aksiyalar davamlı olacaq”.


Müəllif: Teleqraf.com