7 Dekabr 2019 12:10
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasına işgüzar səfərə yollanıb.

Teleqraf.com xəbər verir ki, dövlət başçısının təyyarəsi Minsk Milli Hava Limanından havaya qalxıb.

Günortadan sonra Soçi şəhərində Belarus liderinin Rusiya Prezidenti Vladimir Putinlə görüşünün keçirilməsi planlaşdırılır. Tərəflər ikitərəfli əməkdaşlığın gündəliyindəki aktual məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Soçi görüşü ərəfəsində Belarus və Rusiya baş nazirləri – Sergey Rumas və Dmitri Medvedyevin görüşü keçirilib. Bu görüşdə tərəflər zirvə görüşü ərəfəsində müvafiq mövzuları müzakirə ediblər. Xüsusilə İttifaq Dövlətində inteqrasiya ilə bağlı həll edilməmiş məsələlərə baxılıb.

Dekabrın 6-da səhər saatlarına olan vəziyyətə görə inteqrasiya xəritəsində 16 məsələni razılaşdırmaq qalıb. Təkbətək görüşdən sonra danışıqlar hökumət nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdə Belarus tərəfdən baş nazirin birinci müavini Dmitri Krutoy, baş nazirin müavini İqor Lyaşenko, maliyyə naziri Maksim Yermoloviç, energetika naziri Viktor Karankeviç, “Belneftkimya” konserninin sədri Andrey Rybakov və digər dövlət qurumlarının rəhbərləri iştirak ediblər.


Müəllif: Səxavət Həmid