1 May 2014 13:19
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

Teleqraf.com xəbər verir ki, Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidentinə məlumat verilib ki, ikimərtəbəli, 17 otaqlı binanın inşasına 2012-ci ilin avqust ayında başlanılıb. İşlərin yüksək keyfiyyətlə və qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunub. Bina müasir inventar və avadanlıqla təchiz edilib.

Binanın foyesində ulu öndər, YAP-ın yaradıcısı Heydər Əliyevin büstü qoyulub. Burada milli liderin və prezident İlham Əliyevin YAP-la bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət guşələr var. Müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı da yaradılıb. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir.

Hazırda YAP Ağdaş rayon təşkilatının 16 min nəfər üzvü vardır. Onların 51 faizini qadınlar, 43 faizini gənclər təşkil edir.

Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

***

16:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak edib.

Teleqraf.com-un xəbərinə görə, son illərdə ölkənin nəqliyyat sisteminin, o cümlədən dəmir yolunun təkmilləşdirilməsi, sərnişin daşımalarının beynəlxalq səviyyədə qurulması istiqamətində mühüm layihələr icra olunur. Bu siyasətin tərkib hissəsi olaraq nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda müasir standartlara cavab verən dəmir yolu vağzallarının tikintisinə və əsaslı təmirinə başlanılıb.

Yeni inşa olunan vağzallardan biri də “Azərbaycan Dəmir Yolları” QSC-nin Ləki stansiyasındakı binadır. Ləki dəmir yolu vağzalının binası müasir memarlıq üslubunda inşa olunub. Ərazidə yaşıllıq zolağı salınıb. Yeni binada sərnişinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısı vağzal binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxıb. Burada Azərbaycan Prezidentinə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilib.

Prezident İlham Əliyevə məlumat verən nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan Ləki dəmiryol vağzalının əvvəlki binası 1897-ci ildə inşa olunub. Uzun müddət əsaslı təmir işləri aparılmadığından vağzal binasının sökülərək yenisinin inşası zərurəti yaranıb. Yeni vağzal binasının tikintisinə 2013-cü ilin yanvarında başlanılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamenti tərəfindən inşa olunan vağzal binasında müasir standartlara uyğun xidmət göstərilməsi üçün hər cür şərait vardır. Gözləmə salonunda sərnişinlər üçün bütün rahatlıq yaradılmışdır. Burada Ümummilli Lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin və Prezident İlham Əliyevin Ağdaşa səfərlərini əks etdirən fotoguşə quraşdırılıb.

Stansiyada ana və uşaq otağı fəaliyyət göstərəcək. Dispetçer otağında da yüksək səviyyədə xidmət üçün müvafiq şərait yaradılıb.

Dəmir yolunun Ləki stansiyasının vağzal binası sərnişinlərə xidmətin səviyyəsinin ən müasir standartlara uyğun həyata keçirilməsinin daha bir konkret nümunəsidir. Binanın mühəndis-kommunikasiya sistemləri də müasir standartlara cavab verir. Burada sərnişinlər informasiya monitorundan yararlana biləcəklər.

Bildirilib ki, stansiyada yeni platforma tikilib. Ləki stansiyası xarakterinə görə yük stansiyasıdır. Burada qatarların qəbul edilib yola salınması üçün dörd yol, yükləmə-boşaltma əməliyyatları üçün altı yol, dartı yarımstansiyasının yolu, qoruyucu dalan, dartı yolu və eyni zamanda, stansiyaya birləşən təşkilatlara məxsus 2 dalan yolu vardır. İl ərzində Ləki dəmir yolu stansiyasında orta hesabla 150 vaqon - 19 min 600 ton yükləmə, 2500 vaqon - 150 min ton boşaltma işləri həyata keçirilir. Stansiyanın vağzal binasında isə 7 mindən çox sərnişinə xidmət göstərilir. Stansiyadan orta hesabla gün ərzində 40 qatar yola salınır.

Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, stansiyanın yeni vağzal binası dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafına mühüm töhfədir və əhalinin paytaxt Bakı və digər regionlarla rahat əlaqəsinin təmin olunması baxımından vacib əhəmiyyət kəsb edir.


Müəllif: