Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev DSX-nın Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.
DSX-dan Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramları münasibətilə sərhəd döyüş məntəqələrində xidmət aparan hərbi qulluqçular təbrik edilib, sərhədçilərin xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.
Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.