1 May 2014 16:12
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Teleqraf.com-un məlumatına görə, komitə sədri Hadi Rəcəbli gündəlikdəki məsələlərlə deputatları tanış edib.

Əvvəlcə deputatlar “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsini müzakirə ediblər. Hadi Rəcəbli sənədin bir neçə dəfə işçi qrupun, Səhiyyə Nazirliyi əməkdaşlarının, dövlət və hökumət nümayəndələrinin, ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının və mütəxəssislərin iştirakı ilə geniş müzakirəsinin keçirildiyini bildirib. Qeyd olunub ki, həmin tədbirlərdə səsləndirilən bütün təkliflər işçi qrupu tərəfindən diqqətlə araşdırılıb, vacib detallar nəzərə alınıb.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova bildirdi ki, qanun layihəsi getdikcə təkmilləşir. Sənədə bir neçə yeni maddələr əlavə edilib və işçi qrupu tərəfindən bu sahədəki dünya təcrübəsi dərindən öyrənilib.

Komitə üzvləri Əhliman Əmiraslanov, Yaqub Mahmudov, Məlahət İbrahimqızı çıxışlarında bildirdilər ki, dövlətin ailə siyasətini özündə əks etdirən bu qanun layihəsi tam olaraq ailənin, ana və uşaq sağlamlığının qorunmasına, ölkədə hələ də təsadüf olunan ana ölümünün qarşısının alınmasına xidmət edəcək. Qanun layihəsi reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə xidmətlərin əldə olunması sahəsində hüquqi əsasları tənzimləyəcək. Qeyd olundu ki, burada qadınlar arasında son vaxtlar geniş yayılan döş vəzi xərçənginin profilaktikasına, ekstrakorporal mayalanmalar zamanı donor mənşəyinə nəzarətin artırılması ilə bağlı məqamlara xüsusi diqqət yetirilməlidir. Ətraflı müzakirələrdən sonra qanun layihəsi ümumilikdə bəyənildi, bəzi təkliflər nəzərə alınması üçün komitədə yenidən müzakirəyə çıxarılması irəli sürüldü.

Sonra komitə üzvləri “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsini müzakirə etdilər. Sənəd barədə məlumat verən Hadi Rəcəbli vurğuladı ki, dövlətimiz uşaqların istirahəti və asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət ayırır. Sözügedən sənəd bu baxımdan böyük əhəmiyyət kəsb edir. Qeyd olundu ki, sənədin hazırlanmasına Heydər Əliyev Fondu böyük dəstək göstərib. Komitə üzvləri Musa Quliyev, Sevinc Hüseynova, Rauf Əliyev, İlham Məmmədov sənədlə bağlı təkliflərini bildirdilər. Qanun layihəsi bəzi məqamların nəzərə alınması üçün yenidən işçi qrupa qaytarıldı.

Sonra komitədə Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanan “Heydər Əliyev Azərbaycanın sosial müdafiə strategiyasının banisidir” adlı kitabın konseptual dinləməsi keçirildi. Komitə üzvləri kitabla bağlı fikirlərini bildirdilər, əsərə müsbət rəy verilib.

Nemət


Müəllif: