1 May 2014 16:59
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun bir müddət öncə polis zabitinin baş geyimini ayaqlar altına atması müzakirə olunmaqdadır.

Bu addımı onun üzləşdiyi stiuasiyaya təbii reaksiyası kimi deyil, ekstremal durumda özünü apara bilməməsi və Azərbaycan polisini təhqir etməsi kimi də qiymətləndirilir. Daxili İşlər Nazirliyi hələ ki, baş verən olaya münasibət bildirməsə də, ictimaiyyətdən narazılıqlar gəlməkdədir.

Ehtiyatda olan polis polkovniki Eldar Mirzəbəyov Teleqraf.com-a açıqlamasında bildirdi ki, özünə hörmət edən hüquq müdafiəçisi başqasının hüquqlarını tapdamamalıdır: "Polisin papağını yerə atmaq bütün daxili işlər orqanına qarşı hörmətsizlikdir. Leyla Yunusun hansı səbəbdən bu hərəkəti etməsinə bəraət yoxdur. Nəinki polisin, kişinin başından papağı, qadının başından isə örpəyi götürüb yerə atmağa haqq qazandırmaq mümkün deyil. Burada söhbət təkcə hüquqi məsuliyyətdən deyil, həmçinin mənəvi məsələdən gedir. Hüquq müdafiəçisi polisin belə təhqir edirsə, adi vətəndaş polisə nə hörmət qoyacaq".

"Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev Teleqraf.com-a açıqlamasında bildirib ki, hüquq müdafiəçisi Leyla Yunus təkcə Azərbaycan polisinin deyil, həm də kişisinin papağını ayaqlar altına atdı. Həmin papaq ki, onun üzərində Azərbaycan dövlətinin simvolları var. Deməli, Leyla Yunus həm də dövlət atributlarını aşağılayıb. O, bu əməlinə görə qanun qarşısında cavab verməlidir".

Keçmiş polis zabiti olan Ş.Əliyev qeyd etdi ki, L.Yunus polisin papağını yerə atmaqla, Daxili İşlər Nazirliyinin bütün işçilərini təhqir edib: "Polisin baş geyimində Azərbaycan dövlətçiliyinin simvolları var. İkincisi, qadının simvolu örpək olduğu kimi, papaq da kişiyə məxsus atributdur. Qadın, hüquq müdafiəçisi kimi mənum Leyla Yunusa hörmətim var. Ola bilsin ki, onun bu hərəkəti müəyyən qism insanlar tərəfindən pozitiv qarşılanıb. Nihilzmə məruz qalan insanlar Leyla Yunusun hərəkətlərini təqdir edə bilərlər. Amma mən onun bu hərəkətini qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, polisin papağının ayaqlar altına atılması ilə bağlı hüquqi ölçü götürüləcək"

Ayxan


Müəllif: Teleqraf.com