25 Sentyabr 2014 16:34
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamal rayonu ərazisindəki “Qanlı göl” ətrafında məskunlaşan və sentyabrın 8-də Xırdalan şəhərindəki tikintisi yarımçıq qalmış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində evləri dağılmış məcburi köçkün ailələri üçün müvəqqəti olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən quraşdırılmış çadırlarda yerləşdirilmiş məcburi köçkünlərlə görüşüb.



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə “Qanlı göl” ətrafında məskunlaşan məcburi köçkünlərlə görüşən Ə. Həsənov bildirib ki, Bakı şəhərinin baş planına əsasən bu ərazinin də tam abadlaşdırılması nəzərdə tutulduğundan burada məskunlaşan məcburi köçkünlər yaxın günlərdə həmin yerdən onlar üçün Yasamal rayonu ərazisində tikilmiş binaya köçürüləcəklər.

Məcburi köçkünlərlə görüşdə həmçinin onların bir sıra problemləri dinlənilib, narahatlıq doğura biləcək məsələlərə aydınlıq gətirilib. Görüşdə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları da iştirak ediblər. Daha sonra Ə. Həsənov Abşeron, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayıl rayon icra hakimiyyətlərinin başçıları ilə birlikdə Xırdalan şəhəri ərazisində FHN tərəfindən qurulmuş çadırlardakı vəziyyətlə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib. Ə. Həsənov qeyd edib ki, partlayış olan binanın iki blokunda hazırda təmir-bərpa işləri davam etdirilir, tezliklə həmin iki blokdan köçürülən məcburi köçkünlər öz yerlərinə qaytarılacaqlar. Partlayış nəticəsində tam yararsız hala düşmüş digər bir blokun sakinləri isə yaxın vaxtlarda yeni mənzillərlə təmin olunacaqlar. Dövlət Komitəsinin sədri nəzərə çatdırıb ki, baş vermiş hadisə nəticəsində yaranmış vəziyyət ilk gündən prezident İlham Əliyevin diqqət mərkəzindədir.


Müəllif:

Oxşar xəbərlər