1 May 2014 20:44
2 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakının Nizami rayonundakı Mikayıl Əliyev küçəsində yerləşən “Fəhlə abidəsi” önündə 1 May bayramını təntənəli şəkildə qeyd ediblər.

Teleqraf.com xəbər verir ki, abidənin ətrafı kommunizmə xas şüar və plakatlarla bəzədilib.

Bayram tədbirini Sov.İKP MK-nın katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev açıb. O, Rusiya və beynəlxalq kommunist təşkilatı rəhbərlərinin kommunist salamı və təbrikini toplantı iştirakçılarına çatdırıb.

Azərbaycan KP MK-nın katibi Ədalət Abdinovun “Dünya zəhmətkeşlərinin həmrəylik günü – 1 May bayramının tarixi əhəmiyyəti” mövzusunda məruzə edib: “Tədbirdə çıxış edənlər Lenin vəsiyyətlərinin həyata keçirilməsi uğrunda kommunist partiyası və xalqın mübarizəsinin zəruriliyini, sosializmin böyük nailiyyətlərinin ümumdünya-tarixi əhəmiyyətini qeyd edib, sovet ictimai və dövlət quruluşunun kapitalizm quruluşundan üstünlüklərini, sovet demokratiyasının prinsiplərinin təntənəsini, sovet vətənpərvərliyinin böyük gücünü həyatımızdan alınmış konkret misallar əsasında açıb göstəriblər. Toplantı iştirakçıları əhalinin sağlamlığının qorunması naminə dövlət tərəfindən tibbi sığortanın həyata keçirilməsinin zəruriliyi barədə bəyanat qəbul ediblər”.

AKP-nin yaydığı məlumatda qeyd olunur ki, tədbirdə səsləndirilən SSRİ-nin və Azərbaycan Sovet Sosialist Respublikasının dövlət himni böyük iftixarla dinlənilib. Bayram tədbirinin rəsmi hissəsindən sonra rayonlardan gəlmiş kommunistlərin Bakı bulvarında kollektiv gəzintisi və şəhərin görməli yerlərinə ekskursiyası təşkil edilib.

Səxavət


Müəllif: