Müsavat başqanı İsa Qəmbər partiya sədri kimi sonuncu mətbuat konfransını keçirib. İ.Qəmbər bildirib ki, M.Ə.Rəsulzadənin qurduğu Azərbaycan Kültür Mərkəzinin rəhbəri Cəmil Ünal da sabahkı qurultayda iştirak etmək üçün Bakıya gəlib.
Müsavat başqanı qurultayın partiya üçün çox önəmli olduğunu, nizamnamə və proqramda dəyişikliklər olacağını bildirib.
“Müsavatda hər zaman demokratik seçki keçirilib. Sabah başqan seçkiləri keçiriləcək. Müsavat nizamnaməsinə əsasən, başqan dəyişəcək. Bu, bir demokratiya nümunəsidir. Başqan seçkisi təyinatla olmayacaq” – deyə İsa Qəmbər qeyd edib.
Konfransda iştirak edən Azərbaycan Kültür Mərkəzinin rəhbəri Cəmil Ünal bildirib ki, İsa Qəmbərin başqanlıqdan getməsi böyük addım və nümunədir: “Müsavat tarixdir. Son 25 ildə İsa Qəmbər Müsavata layiqli başqanlıq edib. Seçim nəticə deyil, mərhələdir. Əsas olan seçkidən sonra Müsavatın xalqa xidmət etməsidir. Başqan seçilən şəxsi hər kəs qucaqlamalıdır. Ümid edirəm ki, Müsavat qurultaydan layiqli çıxacaq. Biz seçilən şəxsin Rəsulzadə prinsiplərinə və yoluna davam edəcəyinə inanırıq”.
Müsavat başqanı İsa Qəmbər siyasi fəaliyyətini “Milli Strateji Düşüncə Mərkəzi”ndə davam etdirəcək.
Bunu bugünkü konfransda Müsavat başqanının özü bildirib:
“Bildiyiniz kimi, biz “Milli Strateji Düşüncə Mərkəzi” qurmuşuq. Dostlar məni sədrliyə namizəd irəli sürdülər və mən də sədr seçildim”.
Nemət