“Niquşizm”dən təkcə Azərbaycan yox, Rusiya da əziyyət çəkirmiş. Koronavirus pandemiyası dünyanı ağuşuna aldığı vaxtda minlərlə Rusiya vətəndaşının telefonuna bu mesaj gəlib: “Lena, axşamınız xeyir, çox pis xəbərlərim var, özünüzü, doğmalarınızı qoruyun, hökumət real vəziyyəti gizlədir”.
Millətindən asılı olmayaraq hər kəsi qorxuya salan eyni mətn. Koronavirusu pandemiya adlandıran Ümumdünya Səhiyyə Təşkilatı belə dezinformasiyaları “infomedia” kateqoriyasına daxil edir. Yalan və şayiələr bir anın içində yayılır və insanlar heç bir rasional dəyərləndirmə aparmadan təşvişə düşürlər.
Özünüqoruma instinkti: belə şayiələrin yayılmasının başlıca səbəbi budur. Şayiələrin xüsusilə ana olan xanımlar (təhlükəyə qarşı daha həssas qrup) tərəfindən sürətlə yayılması və mənimsənilməsi təsadüfi deyil. Xatırlayırsınızsa, Azərbaycanda şayiələr əsasən sosial şəbəkələrdə valideyn qruplarında ildırım sürəti ilə yayılırdı.
Başqalarını inandırmaq ehtiyacı: feyk informasiyaların insanların bir-birinə sürətlə ötürməsi öz qorxularını başqalarına da ötürmək ehtiyacından qaynaqlanır. Bu, həm yaxınlarını, dostlarını xəbərdar etmək, həm də təhlükəyə qarşı “həmrəy” olmaq istəyidir. Onlar “xoşniyyətlidir”, buna görə də feyk informasiyanın tirajlanmasında bilmədən əsas vasitəçiyə çevrilirlər.
“İnfomedia”dan qazananlar: adətən kütləvi təşvişi məntiqi nəticələri olur. Misal üçün, hansısa məhsulu kütləvi şəkildə almaq, yaxud nəyə kütləvi təlabatın yaranması və s. Kim qazanırsa, feyk informasiyaların dövriyyəyə buraxılmasında onların rolu var. İnsanların ehtiyat qida toplaması bunun ən bariz nümunələrindəndir. Dünyada koronavirusla bağlı yaranmış böyük təşvişi analiz edəndə bunun bir ölkəyə, bir cəmiyyətə aid olmadığı məlum olur. Deməli, feyk informasiyaların peyda olması bir ölkənin, yaxud həmin ölkədə qazanmaq istəyənlərin yox, daha qlobal şəbəkələrin işidir. Eyni məzmunda informasiya Azərbaycanda olduğu kimi, Rusiyada da peyda olursa, yaxud Türkiyədə və Avropa ölkələrində də başqa formada meydana gəlirsə və nəticələr bütün ölkələrdə eynidirsə, (kütləvi tələbatdan tutmuş insanların bir-birinə qarşı münasibətinin dəyişməsi) “infomedia”nın kökünü daha dərinlərdə axtarmaq lazımdır.
Bu qarmaqarışıq informasiya axınında hər kəsin üzərinə məsuliyyət düşür:
KİV belə məqamlarda maarifləndirmə prinsipinə xüsusi əməl etməli, cəmiyyətdə təşviş və ajiotaj yaranmasına yol verməməli, insanların narahatlığına səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməlidir;
Dövlət informasiya təhlükəsizliyinin təmin edilməsində daha sərt qaydalar seçməli, qanunvericiliyin tələbinə uyğun addımlar atmalıdır;
Sosial şəbəkə istifadəçiləri empati qurmağı bacarmalı, nəzərə almalıdırlar ki, istənilən feyk informasiya həm də doğmalarımızın təşvişə düşməsinə, narahat olmasına səbəb olur;
Feyk informasiyanın hədəfi olan vətəndaşlar məlumatı təşvişə qəbul etmək əvəzinə daha rasional davrana və analiz edə bilərlər:
1. İnformasiya mənbəyi: Müxtəlif sosial şəbəkə vasitələri ilə yayılan informasiyanı ilk öncə etibarlı mənbələrdən dəqiqləşdirmək lazımdır. Buna informasiya gigiyenası deyilir. Əgər “Niquşlar” “Azərbaycanda koronavirusdan ölənlər” haqda danışırsa, buna inanmaq və yaymaqdan öncə, Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın, yaxud digər etibarlı mənbələrin məlumatları ilə müqayisə etmək daha məntiqlidir. Hər kəsdən öncə özünüzün informasiya gigiyenanıza riayət edin;
2. Ağılla analiz: informasiyanın kimlər, yaxud hansı media tərəfindən yayıldığına diqqət edin, rəsmi məlumatlarla nə qədər üst-üstə düşdüyünü, yaxud yaxından-uzaqdan əlaqəsinin olub-olmadığını yoxlayın. Buna paralel olaraq, digər ölkələrdəki vəziyyəti, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və yaşadığınız ölkənin həmin tövsiyələrə necə əməl etməsini analiz edin. Əmin olun ki, daha etibarlı informasiya əldə edə biləcəksiniz;
3. Emosiyaların analizi: mənbəyi məlum olmayan hansısa səs yazısı, yaxud videomaterialla qarşılaşdığınızda danışanın, yaxud görüntüləri yayılanın emosiyalarına diqqət edin. Misal üçün, kimsə sizi “xəbərdar” edirsə, onun səsindəki təlaşa qulaq asın. Adətən yüksək emosiyalar qorxu, yaxud qəzəbin nəticəsidir və bu emosiyalarla verilən informasiya heç vaxt tam dəqiq ola bilməz. İnformasiya verən ya qorxu altında feyk məlumatına yayılmasında vasitəçi olur, ya da nədənsə qəzəblənərək, bunu məqsədli şəkildə edir.
Bütün hallarda telefonunuza haradan gəlib düşdüyünü bilmədiyiniz informasiyaları dəqiqləşdirin, əks təqdirdə ya feyk məlumatın ötürücüsü, ya da “infomedia”dan qazananların qurbanı olacaqsınız...