Daxili İşlər Nazirliyi xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb.
Teleqraf.com-un xəbərinə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə fəaliyyətlərini davam etdirirlər.
Ehsan Zahidov qeyd edib ki, vətəndaşları ən çox maraqlandıran - bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır.
Bildirilib ki, fəaliyyətini dayandıran obyektlər bunlardır:
bərbərxana və gözəllik salonları,
avtoyuma məntəqələri,
avtomobil təmiri sexləri,
avtomobil ehtiyat hissələrinin satışı mağazaları,
tikinti materiallarının satışı mağazaları,
kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar.
Qeyd edilir ki, zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur.
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət edilməsinə nəzarətin polis əməkdaşları tərəfindən gücləndirilməsi məqsədi ilə tədbirlər Bakı şəhəri, eləcə də digər şəhər və rayonlarda tədbirlər davam etdirilir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 29-da saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilib.