29 Sentyabr 2014 18:15
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şura KXCP ilə bağlı müəmmaya aydınlıq gətirib.

Xəzər Teyyublunun istefası, Mirmahmud Mirəlioğlunun suallara cavab verməməsi sonuncunun da qurumdan ayrıldığı mesajını verirdi.

Bununla bağlı danışan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı deyib ki, o, istefalara normal baxır. Onun fikrincə, kimlərsə şuraya daxil olduğu kimi, kimlərsə də buranı tərk edə bilər: “Ancaq KXCP-nin Milli Şurada olan üzvlərindən bir nəfərdən başqa digərlərinin fəaliyyəti gözə dəymir. Çoxları Milli Şuranın işində iştirak etmir. Həm də hüquq müdafiəsi ilə bağlı KXCP Azadlıq Partiyası və digər 10 təşkilatla birləşərək müxalif düşərgədə Milli Şuraya alternativ qurum yaradıb. Bu quruma həm də bizdə Koordinasiya Mərkəzinin üzvü olan KXCP sədri Mirmahmud Mirəlioğlu rəhbərlik edir. Mən bu hadisələrin fonunda hələlik geniş danışmaq niyyətində deyiləm. Amma KXCP üzvləri Milli Şuradan istefa verməyib, sadəcə olaraq özlərini təcrid ediblər və bu mahiyyətcə istefaya oxşar bir addımdır”.

Milli Şura nümayəndəsi KXCP üzvlərinin istefa verməkdə davam edəcəyinin mümkünlüyünü də vurğulayıb: “İstefalar Milli Şuranı zəiflədir və bunlar həm də zərbədir. Biz bunu qəbul etməliyik. Ancaq bilirik ki, bu istefalar həm də qaçılmaz prosesdir. İndi partiyalar bələdiyyə seçkilərində iştiraka hazırlaşır, eləcə də, diqqətləri 2015-ci il parlament seçkilərinə yönəlib. Əlbəttə, siyasi partiyalar manevrlər edirlər, yenidən qruplaşmalar və dağılmalar müşahidə olunur. Bu proses parlament seçkilərinə qədər davam edəcək. KXCP-nin addımları da qeyd etdiyim manevrlərdən biridir. Bu qaçılmaz siyasi proseslərdir. Ancaq bütün hallarda istefalar Milli Şuraya zərbədir”.

Rafiq Manaflı söyləyib ki, Milli Şura ilə KXCP arasında gərginlik yoxdur, sadəcə adı çəkilən partiyanın özünü təcridi prosesi var: “Mən deməzdim ki, konflikt var, sadəcə KXCP-nin ifasında təcrid yaşanır. Münasibətlər isə əvvəlki kimi deyil”.

Qeyd edək ki, hazırda Milli Şura üzvləri ilə KXCP üzvləri arasında gərginlik var. Bu səbəbdən də Milli Şura yer tapa bilməsə də, sessiyasını KXCP qərargahında keçirmir. Ancaq buna baxmayaraq Milli Şura KXCP ilə münasibətlərini kəskinləşdirmək istəmir və bu qurumun sakit şəkildə çıxıb getməsini gözləyir.

Cavidan


Müəllif:

Oxşar xəbərlər