Koronavirusla bağlı tətbiq olunmuş xüsusi karantin rejiminin müddəti hadisələrin inkişafından asılıdır.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib:
"Qərar vətəndaşların qaydalara riayətinə əsasən qəbul olunacaq. Karantin rejimi nəinki uzadıla bilər, qaydalar daha da sərtləşdirilə bilər. Statistika göstərir ki, vətəndaşlar buna əməl etmirlər.
Karantin rejimini pozanlar arasında jurnalist vəsiqələri ilə dolaşanlar da yer alır. Bu günki statistika rejimin sərtləşdirilməsini tələb edir. Qaydalara əməl olunsa, sağalmanın sürəti artar, yoluxma halları azalar. Bu gün yüksək keyfiyyətli testlər alınıb.Bu günki vəziyyət məhdudiyyətlərin sərtləşdirilə biləcəyini göstərir.
Lakin Azərbaycandakı vəziyyət digər ölkələrlə müqayisədə çox yaxşıdır.
Ölkəmiz yoluxma faktı qeydə alınmadan qabaqlayıcı tədbirlər gördü. Bu gün rəqəmlər xoş xəbər verməsə də, vəziyyət ələ alınıb. Dövlət qaydaları pozanlara güzəştə getməyəcək".
Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, prosesləri qabaqlamaq lazım deyil: "Əsas meyar və məqam vətəndaşların sağlamlığının qorunmasından ibarətdir. Ölkəmizdə olan vəziyyət qənaətbəxşdir. Lakin vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Qaydalara riayət edən vətəndaşlar var. Qərarlardan kənara çıxan vətəndaşlara qarşı isə zəruri addımlar atılır"