Binəqədidə karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib, obyektdə olan 6 nəfər inzibati qaydada cəzalandırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.
Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan 6 nəfər saxlanılıb. Onlar 5-ci polis bölməsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.
Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.