“İslahatlarçılar” fraksiya yaradacaq, yoxsa istefa verəcək?
Müsavat Partiyası qurultaydan sonra çalxalanma mərhələsinə daxil olub. İlk baxışdan qurultayın normal, başqan seçkilərinin ədalətli və şəffaf keçirilməsi görünsə də, partiya daxilində baş verən proseslər və əlamətlər yaxın günlərdə ciddi gərginliyin baş verəcəyini göstərir. Bunu Müsavatın bəzi üzvləri də inkar etmir. Hazırda əsas mübarizə və qarşıdurma Qubad İbadoğlu ilə Arif Hacılının tərəfdarları arasında yaşanır.
Əldə etdiyimiz məlumata görə, Qubad İbadoğlu onu müdafiə edən və Müsavatda ziyalı kəsimi təmsil edən şəxslərlə bir neçə dəfə görüşüb. Bu haqda adının çəkilməsini istəməyən müsavatçı funksioner bildirib.
Belə ki, bu günə qədər Qubad İbadoğlu, Vurğun Əyyub, Əlövsət Talışxanlı, Adil Qeybulla, İbrahim İbrahimli, Səxavət Əlisoy və digər şəxslər bir neçə dəfə görüşərək partiyanın taleyi ilə bağlı ciddi müzakirə aparıb. Əldə etdiyimiz xəbərə görə, hazırda müzakirələr davam edir. Qurultay nümayəndəsi olmayan, amma Müsavatda uzun illər fəaliyyət göstərən şəxslər də, bu prosesdə Q.İbadoğluna qeyri-rəsmi dəstək verirlər. Hazırda Qubad İbadoğlu ATƏT-in təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək məqsədilə Tiflisə gedib. Onun iki gündən sonra Bakıya dönəcəyi bildirilir. Qubad İbadoğlu Bakıya döndükdən sonra tərəfdarları ilə geniş tərkibdə görüş təşkil edəcək. Bu görüşdə ciddi müzakirələr aparılacaq və buna uyğun şəkildə qərarlar veriləcək. Hazırda Arif Hacılının tərəfdarları bu məsələyə görə narahatçılıq keçirirlər.
İki xətt seçiləcək
Əldə etdiyimiz digər məlumata görə, bu həftə ərzində aparılan müzakirələrin nəticəsi olaraq Qubad İbadoğlu və tərəfdarları iki xətt seçə bilərlər. Hazırda bu xətlərin konturları cızılır. Bu məsələdə sabiq başqan İsa Qəmbərin mövqeyi də önəmli rol oynayacaq. İndilikdə İsa Qəmbər baş verənlərdən məlumatlı olsa da, hələlik prosesləri müşahidə edir. Bu isə narazıların xoşuna gəlmir. Üstəlik onlar hesab edirlər ki, İsa Qəmbər açıq olmasa da, gizli şəkildə A.Hacılıya dəstək verib.
Birinci xətt-Müsavat daxilində fraksiya yarana bilər
Əldə etdiyimiz dəqiq xəbərlərə görə, Qubad İbadoğlu tərəfdarları ilə müzakirələrdən sonra, əgər razılıq əldə olunsa, partiyada yeniliyin tərəfdarlarından ibarət fraksiya yaranacaq. Fraksiyaya “İslahatçılar” adının qoyulması da ehtimal olunur. Ancaq bu müzakirələrin nəticəsindən asılı olacaq. Bunun üçün həm də narazılar oktyabrın 11-də keçiriləcək Müsavat Məclisində çoxlu yerlər əldə etməlidir. Amma Məclisə daxil olanların əksəriyyəti hazırda A.Hacılının tərəfdarlarıdır. Əgər fraksiyanın yaradılması razılaşdırılsa, bu zaman partiya daxilində maraqlı proseslər yaşanacaq, istefalar olmasa da, açıq qarşıdurmalar, söz atışmaları özünü büruzə verəcək.
İkinci xətt-Geri çəkilib passiv fəaliyyətə başlamaq
İkinci xətt kimi Qubad İbadoğlunun və tərəfdarlarının bu mübarizədə geri çəkilməsidir. Mənbələr bunu daha real hesab edir. Əgər bu qərar veriləcəksə, Qubad İbadoğluna yaxın şəxslərin istefası gündəmə gələcək. Ən real istefaçılar sırasında Vurğun Əyyubun və Səxavət Əlisoyun adı çəkilir. Digər şəxslər də iddia edirlər ki, Arif Hacılı ilə işləmək mümkün olmayacaq. Əgər bu ssenari seçilsə, Müsavat son 22 ildə ən kritik dövrünü yaşayacaq və onun yenidən əsas müxalifət partiyası olmaq imkanları birdəfəlik itiriləcək.
Arif Hacılı rəqiblərinə qeyri-rəsmi mesajlar verib
Ancaq görünən budur ki, Müsavatda “hakimiyyət”i ələ alan Arif Hacılı qarşı tərəfə güzəştə getmək niyyətində deyil. Hacılı yalnız onun hakimiyyətinin tanınacağı təqdirdə qarşı tərəflə işləməyə razılıq verəcək. Müsavat dəhlizlərində isə Hacılıya yaxın şəxslər qeyd edirlər ki, onlar kapitulyasiyaya heç vaxt getməyəcəkl və qanuni başqana qarşı çıxacaq istənilən şəxs partiyada “asi” elan olunacaq, təşkilatdan qovulacaq. Mənbələr isə iddia edirlər ki, oktyabrın 15-nə qədər Müsavat ən mürəkkəb dövrünü yaşayacaq və ola bilsin ki, bu tarixdən sonra partiya imkanlarının 40 faizini əldən verərək, 60 faizlik resursu üzərində davam etsin.
Cavidan