10 May 2020 15:45
3 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doğumunun 97-ci ildönümündə dörd ildən çox rəhbərliyi altında çalışaraq böyük həyat məktəbi keçdiyim mərhum prezident Heydər Əliyevi şükran və ehtiram duyğusu ilə anıram.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev ümummilli liderlə bağlı xatirələrini bölüşərkən qeyd edib.

"İki kiçik xatirəmi bölüşürəm. Onlar artıq bir neçə ildir ki, internetdə bir sıra hallarda müəllifi göstərilmədən, bəzən də təhrif olunmuş şəkildə dolaşır. Bu xatirə və düşüncələr Elmira Axundovanın Heydər Əliyevə həsr olunmuş "Şəxsiyyət və zaman" çoxcildliyi üçün yazılıb və tam mətni ilə həmin mənbədə tanış olmaq mümkündür.

İrana səfərimizin (söhbət Azərbaycan prezidentinin 2002-ci ilin mayında İrana rəsmi səfərindən gedir) sonuncu günü ali dini rəhbər Seyid Əli Xamenei ilə görüş nəzərdə tutulmuşdu. Onun çox sayıqlıqla qorunan kiçik və sadə iqamətgahına gələndə artıq prezident Hatəmi, xarici işlər naziri Xərrazi, Xameneinin xarici siyasət məsələləri müşaviri Vilayəti ayaqqabılarını soyunub qəbul otağında gözləyirdilər.

Ali dini rəhbər prezident Heydər Əliyevi mərasim zalının qapısında qarşılayıb ikiəlli görüşdü. Aralarında Azərbaycan türkcəsində söhbət başlandı. Həm İran nümayəndə heyəti, həm də biz sakitcə dayanıb söhbətə qulaq kəsilmişdik.

Ümumi hal-əhval sözlərindən sonra Heydər Əliyev Xameneidən soruşdu.

- Yaxşı, Xamnədə (Təbriz yaxınlığında Xameneinin doğulduğu kənd-V.Q.) nə var, nə yox?

- Sən Xamnəni də bilürsən? - deyə İranın ali dini rəhbəri təəccübləndi.

- Əlbəttə, tanıyıram. Xamnə çox məşhur yerdir. Həm də təkcə sizin vətəniniz kimi yox. Azərbaycanın böyük şəxsiyyətlərindən biri olan Mirzə Fətəli Axundzadə də əslən Xamnədəndir. Sizin həmkəndlinizdir. Axundzadənin adını eşitmisiniz?

- Uzaqdan-uzağa eşitmişəm, - deyə Xamenei həvəssiz cavab verdi.

Xameneini başa düşmək mümkün idi. Yəqin ki, bütün həyatı boyu dini fanatizmə qarşı mübarizə aparan, fars rejiminin yarıtmaz idarəçiliyi və xalqa zidd siyasəti ilə bağlı kəskin ittihamlar irəli sürməkdən çəkinməyən bir tarixi şəxsiyyətin həmyerlisi olmaqdan xüsusi qürur duymurdu.

İran rəhbəri Heydər Əliyevin fəaliyyətinin Moskva dövrü, Qarabağ münaqişəsi, Ermənistanla aparılan danışıqlar haqda bir neçə sual verdi. Prezident də öz növbəsində İranın həm Ermənistan, həm də Azərbaycanla qonşu dövlət kimi bu məsələyə münasibəti ilə maraqlandı. Təbii ki, ali dini rəhbər ümumi sözlərdən uzağa getmədi. Sonra sağlamlıq durumundan danışıb terror aktı nəticəsində qolunun birinin işləmədiyindən şikayətləndi. İran-İraq müharibəsi zamanı qətiyyətli səhra komandirlərindən biri kimi tanınan bu adamın nurlu ziyalı görkəmi və pianoçu əllərini xatırladan uzun, zərif barmaqlı əlləri diqqətimi çəkdi.

Nəhayət, söhbətin rəsmi hissəsi başladı. Təbii ki, Xamenei İranın rəsmi dövlət dili sayılan farscaya keçdi. Burada təəccüblü bir şey yox idi. Təəccüblü olan nitqin çox güman İran XİN-in əməkdaşı olan səliqəsiz geyimli bir şəxs tərəfindən rus dilinə, həm də naşı və bisavad şəkildə tərcümə edilməsi idi. Ortada bir anlaşılmazlıq yaranmışdı. İki-üç cümlədən sonra Heydər Əliyev tərcüməçiyə hökmlə "Podojdite!" - deyib söhbəti dayandırdı. Üzünü İranın ali dini rəhbərinə tutaraq:

- Ağayi Xamenei, bir az əvvəl sizinlə ana dilimizdə danışırdıq. Başa düşürəm, bura İran dövlətidir. Siz də onun lideri kimi rəsmi söhbətlərinizi fars dilində aparmalısınız. Amma tərcümənin niyə ruscaya edildiyini başa düşmürəm.

- Bəs mən elə zənn eləyirəm ki, sizin dövlətin dili urus dilidir?! - deyə Xamenei sifətinə sadəlövh görkəm verərək yenidən Azərbaycan türkcəsinə keçdi.

- Ay kişi, - Heydər Əliyev onun özünü bilməməzliyə vurmasından açıq-aşkar əsəbiləşmişdi. Heç şurəvi vaxtında da Azərbaycanın dövlət dili rus dili olmayıb. O vaxt bizim əsas qanunumuzda da yazılmışdı ki, dövlət dilimiz ana dilidir. Biz Moskvanın təzyiqləri altında da onu qorumuşuq, inkişaf etdirmişik. Bu dildə nə qədər kitablar, qəzetlər çıxıb. Məktəblər, institutlar, universitetlər fəaliyyət göstərib. Müstəqillik qazanandan sonra da hər yerdə ancaq və ancaq öz dilimizdən istifadə olunur! Başım çıxmır, haradan sizin ağlınıza gəlib ki, Azərbaycan Respublikasının dövlət dili rus dili ola bilər? Mən rus dilini də çox gözəl bilirəm, amma dünyanın hər yerində rəsmi danışıqları yalnız Azərbaycan dilində aparıram.
Heydər Əliyevin kəskin etirazından sonra İran tərəfi əl-ayağa düşmüşdü. Deyəsən əvvəlcədən fars-Azərbaycan tərcüməçisi gətirmədikləri, yaxud Azərbaycan prezidentinin məsələyə belə sərt reaksiya verəcəyini düşünmədikləri üçün vəziyyətdən necə çıxacaqlarını bilmirdilər.

- Yaxşı, bu dəfə bizim səfirimiz tərcümə eləyər. Amma Azərbaycan elə uzaq yer deyil ki, onun haqda ən adi şeyləri də bilməyəsiniz, - deyə Heydər Əliyev yaranmış gərginliyi aradan qaldırdı.

Çıxanda isə İran tərəfinin protokol baxımından "naqolay" hərəkətinə bir daha işarə vuraraq Xameneiyə:

- Ağayi Xamenei, sizinlə çox mətləblərdən danışdıq. Amma düşünürəm ki, bugünkü görüşümüzün ən böyük faydası Azərbaycanın dövlət dilinin rus dili olmadığını bilməyiniz oldu, - dedi.

İranın ali dini rəhbəri düz hədəfə dəyən bu sözlərə:

- Əstəğfürullah! Əstəğfürullah! - deməklə cavab verdi.

Həmin səfərdəki başqa bir epizod da diqqətəlayiq idi. İran prezidenti Məhəmməd Hatəmi ilə görüşdə Xəzər dənizinin delimitasiyası ilə bağlı məsələ müzakirə olunurdu. Hatəmi danışıqlar zamanı bəlkə də bilərəkdən "Xəzər dənizinin problemləri" əvəzinə "müşkülati-dəryaçayi-Mazandaran" ("Mazandaran gölünün problemləri"-V.Q.) ifadəsini işlədir, söhbəti tərcümə edən səfirimiz Abbasəli Həsənov isə görünür farsların belə söz oyunbazlıqlarına öyrəşdiyindən ifadəni avtomatik olaraq "Xəzər dənizinin problemləri" şəklində çevirirdi. Amma təbii ki, tez-tez Mazandaran kəlməsinin səslənməsi diqqətdən yayına bilməzdi. Prezident fars dilini bir az bildiyimdən xəbərdar olduğu üçün arada fasilə yarananda mənə tərəf çevrilib:

- Bu nə çox Mazandarandan danışır? Mazandaranın məsələyə nə dəxli var? - deyə soruşdu.

- Cənab prezident, iranlılar guya Xəzəri tarixən İranın daxili su hövzəsi sayır, bəzən öz aralarında ona Mazandaran gölü deyirlər.

Prezident əsəbi şəkildə Abbasəliyə irad tutdu.

- Niyə dəqiq tərcümə eləmirsən? - deyə soruşdu.

Sonra isə əlinin işarəsi ilə sözünə davam etmək istəyən Hatəmini dayandırıb:

- Ağayi Hatəmi, - dedi. - Mənim bildiyimə görə qədim zamanlardan bəri Xəzər dənizinin çoxlu adı olub.

Hətta eşitdiyimə görə qədim türklər ona Quzğun dənizi deyiblər. İndi necə eləyək? Siz Mazandaran gölünün problemləri barədə danışacaqsınız, mən də Quzğun dənizinin delimitasiyası haqda?

Hatəminin üzrxahlıq etməkdən başqa çarəsi qalmamışdı.

Bu məqamları xatırlatmaqda məqsədim prezidentin Azərbaycanla bağlı məsələlərdə nə qədər həssaslıq göstərdiyini, necə sayıqlıqla milli maraqların keşiyində dayandığını bir daha diqqətə çatdırmaqdır", - deyə Vilayət Quliyev vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər