“Demokratiya və İnsan Hüquqları Mərkəzi mitinq keçirmək istəyirsə, çox yaxşı. Mən bunu alqışlayıram. Buyurub mitinqlərini keçirsinlər”.
Bunu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal 14 partiyanı özündə birləşdirən Demokratiya və İnsan Hüquqları Mərkəzinin mitinq keçirmək istəyini şərh edərkən deyib.
Demokratiya və İnsan Hüquqları Mərkəzinin Milli Şuranın qərarından dərhal sonra mitinq müzakirələrinə başlamasına gəldikdə Vidadi Mirkamal bunun təsadüfi olmadığını ifadə edib: “Əgər səmimi olaraq insanları bir yerə toplamaq, mitinq keçirmək istəyirlərsə, mitinq keçirsinlər”.
Vidadi Mirkamal əlavə edib ki, vaxtilə real müxalifətin yaratdığı qurumlar və atdığı addımlarla bağlı Hafiz Hacıyev də analoji addımlar atıb: “İndi də bu rolu oynayır. Mən onları Hafiz Hacıyevlə müqayisə etmək istəməzdim. Çünki o cəbhədə də müəyyən dostlarımız var. Əgər səmimi mübarizə aparırlarsa, gəlib bizə qoşulsunlar. Yox əgər özlərində güc hiss edirlərsə, mitinqlərini keçirsinlər. Bu zaman görəcəksiniz ki, kimin nə qədər qüvvəsi var”.
Milli Şuranın mitinq qərarı verərkən Demokratiya və İnsan Hüquqları Mərkəzi ilə müzakirələr aparmadığı, qarşı tərəfi bu prosesdə iştiraka dəvət etmədiyi haqda iddialara gəlincə Vidadi Mirkamal deyib ki, onlar toy mərasimi təşkil etmirlər: “Biz toy etmirik. Əgər toy etsək, xeyir iş görsək, onlara dəvətnamə göndərərik”.
CAVİDAN