“Azərbaycanda Milli Azadlıq Hərəkatı müəyyən mərhələlərlə davam edib. Tariximizdə Cavad Xanın başçılıq etdiyi üsyan var. Car-Balakən üsyanı baş verib. Azərbaycan xanlıqlarının zəbt edilməsinə kütləvi etiraz edilir, Çar Rusiyasının ruslaşdırma siyasətinə qarşı əks-təbliğat aparılır və müəyyən təşkilatlanma işi gedirdi. Bu hərəkat mərhələlərlə davam edərək Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələndi”.
Teleqraf.com-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru, tarixçi-alim Akif Aşırlı belə deyib.
Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Birinci Dünya Müharibəsinin sonunda baş verən hadisələrin nəticəsi idi:
“Bu proseslərin sonunda hər bir xalq öz müstəqil dövlətini qurmaq imkanına sahib oldu. Çar Rusiyasının əsarətində olan xalqlar da onilliklərlə apardıqları istiqlal savaşlarının nəticəsində öz azadlıqlarına qovuşdular. Yəni, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması təkcə Çar Rusiyasının dağılmasına bağlı faktor deyil. Bu, dünyada baş verən proseslər və Azərbaycan xalqının milli burjuaziyasının formalaşması, sonrakı mərhələdə cümhuriyyət ideologiyasının ortaya atılması idi”.
Akif Aşırlı sözügedən dönəmdə İrəvan şəhərinin dövlət qurmaq istəyən ermənilərə verilməsi məsələsindən də danışıb: “Hər üç millət – azərbaycanlılar, gürcülər və ermənilər Zaqafqaziya Seymində təmsil olunurdu. Buna görə də onların hər birinin dövlət yaratmaq imkanları tanınırdı. Bu səbəbdən, Azərbaycan Xalq Cümhuriyyətini və onun rəhbərlərini günahlandırmaq qətiyyən doğru deyil ki, niyə İrəvanı verdilər?
İrəvan ermənilərə müəyyən şərtlər çərçivəsində verildi. Şərtlərdən biri bu idi ki, ermənilər Qarabağa, Gəncəyə və digər bölgələrə iddia irəli sürməyəcəklər. Yəni, Azərbaycan Cümhuriyyətinə qarşı torpaq iddiasında olmayacaqlar. Ancaq ermənilər üzərinə götürdükləri bu öhdəliklərə əməl etmədilər. Bu, çıxılmaz vəziyyətdə verilmiş qərar idi.
Sərhədlər yeni-yeni müəyyən edilirdi, bu məsələlər üzərində mübahisələr gedirdi. Cənubi Qafqazda müstəqil dövlətin qurulmasını istəyən beynəlxalq güclər də istəyirdilər ki, xalqlar arasındakı bu münaqişələr aradan qalxsın. Xalq Cümhuriyyətinin rəhbərləri də dövrün mövcud geosiyasi şərtləri daxilində belə bir qərar qəbul etdilər.
İrəvanın ermənilərə verilməsinin səbəbləri var. Bu məsələyə dair Milli Şuranın protokolları var. Zəhmət çəkib, həmin protokolları oxusunlar. Bu protokollardan biri də İrəvanın Ermənistana verilməsi ilə bağlı gedən müzakirələrə tərtib olunub”.
İrəvanın Azərbaycanın tarixi torpağı olduğunu vurğulayan tarixçi qeyd edib ki, ermənilər həmin dövrdə bu şəhərdə 198 kəndi yandırmışdılar: “1918-ci ilin may ayına qədər orada Azərbaycan türklərinə qarşı qırğınlar həyata keçirmişdilər. Bu faktı da nəzər almaq lazımdır”.