Erkin Qədirli: “AXCP və Müsavat ilə münasibətə ehtiyac duymuruq”
“Bu saat siyasi səhnədə kimin hansı ideologiyada olduğunu demək çətindir. Hətta vətəndaşın nə istədiyini bilmək çətindir. Partiyalar siyasi səhnədə öz yerini seçə bilmir, çünki seçicinin nə istədiyini bilmir.
Nəzərə alın ki, doğru sosioloji sorğular da yoxdur, partiyaların daxilində də ideoloji müzakirələr getmir. Çalışırıq ki, bu ideoloji müzakirəni açaq və həm də saxlayaq. Qurduğumuz partiyanın içində bu alınır. Başqalarının əvəzinə isə danışa bilmərəm”.
Bu fikirləri qəzetimizə müsahibəsində Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli bildirib. Müsahibəni təqdim edirik.
- Erkin bəy, Siz bu ilin may ayında elan etdiniz ki, siyasi partiyaya çevrilmək üçün ciddi işlər görəcəksiniz. Bu istiqamətdə fəaliyyət niyə görünmür?
- Həmin vaxtdan bugünədək proqram və nizamnaməmizin layihəsi hazır oldu. Eləcə də, partiyanın saytı yaradıldı və hazırda fəaliyyət göstərir. Partiyanın təşəbbüs qrupunun ilk toplantısı da keçirilib. İctimaiyyət üçün maraqlı olmayacaq texniki işlər, bölgələrə səfərlərimiz oldu, üzvlərimizlə görüşlər keçirdik. Bunun ardınca yay mövsümü gəldi. Adətən, yayda istirahət dövrüdür və siyasi fəaliyyət aktiv olmur. Daha sonra İlqar Məmmədovun məhkəmə prosesi keçirildi, ardınca İdarə Heyətimizin üzvü Rəsul Cəfərov həbs olundu. Onun da humanitar məsələləri ilə məşğul olmalıyıq. Nəzərə alın ki, bunun üçün müəyyən qədər pul lazım olur, eləcə də, zaman itirməli olursan. Demək istəyirəm ki, ortaya planlaşdırmadığımız işlər çıxdı.
- Bəs elan etmişdiniz ki, seçkiyə 1 il qalmış deputatlığa namizədlərinizin adlarını açıqlayacaqsınız. Heç namizədlərinizi müəyyən etmisinizmi?
- Planlaşdırmadığımız işlər ortaya çıxdığı üçün namizədləri müəyyən etmək məsələsi ertələndi. Biz prinsip etibarilə adları dəqiqləşdiririk, ancaq bizdən asılı olmayan səbəblərdən bu məsələ uzandı.
- Sizin parlament seçkilərinə münasibətiniz necədir, seçkiyə qatılmaq qərarınız və niyyətiniz varmı?
- Siyasətə daxil olmusansa, seçkidə iştirak etməlisən. Biz proseslərin dinc müstəvidə inkişaf etməsinin tərəfdarı olduğumuzdan seçkilərdə iştirakı vacib sayırıq. Bütün partiya hazırlıqlarımızı da seçki prosesi ilə paralel formada aparırıq. Seçkiləri boykot etmək və ya bu prosesdən kənarda durmaq kimi mövqeyimiz yoxdur. Ümumiyyətlə, heç zaman boykotun tərəfdarı olmamışıq. Odur ki, seçkilərdə iştirak edəcəyik. Ancaq hələlik namizədlərin adını açıqlamaq, neçə namizədlə seçkilərə qatılacağımızı demək doğru olmazdı. Çalışıb seçkidə mümkün qədər effektiv iştirak etmək niyyətindəyik.
- Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə münasibət necə olacaq?
- İdarə Heyətində bu məsələni müzakirə etdik, amma konkret qərar qəbul etmədik. Növbəti iclaslarda bunu bir daha müzakirə edəcəyik. Prinsip etibarilə bələdiyyə seçkilərində iştirak etməyi düşünürük. Ancaq əsas işimiz partiya quruculuğu ilə bağlı olduğu üçün və eyni zamanda, İdarə Heyətinin həbsdə olan üzvlərinin humanitar məsələlərinin həlli ilə əlaqədar çox, güman ki, bələdiyyə seçkilərində xüsusi fəallıq göstərməyəcəyik. Ola bilsin ki, bir neçə pilot bələdiyyə müəyyən edərək orada namizədlərimizi irəli sürər və əsas gücümüzü də ora sərf edərik. Bu, həm də konkret ərazilərdə üzvlərimizin sınanması və çevrəmizin artırılması anlamına gələ bilər. Baxaq ki, bələdiyyə vasitəsilə seçicidə siyasi fəaliyyətə nə dərəcədə maraq oyatmaq mümkündür. Yəni, bələdiyyə bizim üçün daha çox sınaq və keçici mərhələdir. Ancaq bu, mənim subyektiv fikrimdir, çünki hərəkatda bununla bağlı son qərar qəbul edilməyib. Sadəcə, ideya var. İdarə Heyətində seçkidə iştirak etməyin və həm də etməməyin tərəfdarları var.
- Qurultayınızla bağlı nə yenilik var, bu ali tədbiri nə zaman keçirəcəksiniz?
- Qurultayı 2015-ci ilin mayında keçirməyi planlaşdırdığımızı elan etmişdik. Hər şey normal getsəydi, tədbiri mayda keçirəcəkdik. İndi qurultayı maya çatdırıb-çatdırmayacağımızı bilmirəm. Çünki bizdən asılı olmayan səbəblər də mövcuddur. Hər halda planlarımız gələn ilin mayınadır və hazırlıqlarımızı da buna uyğun aparırıq. Mümkündür ki, qurultay bir-iki ay geciksin. Bunu istisna etmirəm. Amma hər halda məqsədimiz gələn ilin oktyabrında keçiriləcək parlament seçkilərinə hazır olmaqdır. Bu istiqamətdə işlər görülür.
- REAL özünü cümhuriyyətçi hesab edir, bəs ideologiyanızda millətçi anlayışı varmı?
- Partiyanın son andını təsis qurultayı müəyyən edəcək. Hələlik biz açıqladığımız proqram və nizamnamə layihələrində də Respublikaçı Alternativ adını qeyd etmişik. Çünki bu ad tanınır. Yeni adı tanıtdırmaq zərurətini boş yerə yaratmamaq üçün çox güman ki, bu adı da saxlayacağıq. Ancaq bu haqda danışmaq tezdir və bu məsələ qurultayın səlahiyyətindədir. İdeologiyanın konkret adı heç yerdə yazılmasa da, prinsip etibarı ilə proqramımızdan bunu oxuyub bilmək olar. Biz sağ mərkəzçi ideologiyasında olan partiyayıq. Millətçilik sözü bizim sənədlərimizdə, partiyanın adında olmayacaq. Hansısa məsələdə bir qədər sol ideologiyaya doğru getmək olar. Xüsusilə, sosial-iqtisadi məsələlərin bəziləri ilə bağlı. Ancaq proqramı təsis qurultayı qəbul edəcək.
- Niyə bizdə olan partiyalar millətçi ideologiyadan qaçır, məsələn, Müsavat millətçilikdən imtina edərək Liberal Demokratlar İttifaqına qoşuldu, siz millətçi sözünü proqramınıza belə salmamısınz.
- Mən Müsavat Partiyasının əvəzinə şərh verməyi doğru saymıram. Çünki əvvəlki kimi müstəqil hüquqşünas statusumda qalsaydım, bu haqda danışa bilərdim. Ancaq indi mənim siyasi mənsubiyyətim var və tərəf hesab olunuram. REAL üzvü olduğum üçün başqa partiyalar haqda danışmağım doğru olmaz.
- Mən ümumilikdə siyasi təşkilatların millətçi ideologiyadan ayrılmasının səbəblərini soruşuram.
- Bu, aydındır. Əslində, təşkilatların millətçilik ideologiyasından uzaqlaşdığını demək də bir qədər mübahisəlidir. Bu saat siyasi səhnədə kimin hansı ideologiyada olduğunu demək çətindir. Hətta vətəndaşın nə istədiyini bilmək çətindir. Partiyalar siyasi səhnədə öz yerini seçə bilmir, çünki seçicinin nə istədiyini bilmir. Nəzərə alın ki, doğru sosioloji sorğular da yoxdur, partiyaların daxilində də ideoloji müzakirələr getmir. Çalışırıq ki, bu ideoloji müzakirəni açaq və həm də saxlayaq. Qurduğumuz partiyanın içində bu alınır. Başqalarının əvəzinə isə danışa bilmərəm.
- Ancaq görünən budur ki, REAL ancaq virtual aləmdə fəaliyyət göstərir, real aləmdə isə yoxdur.
- Bu, sizin fikrinizdir. Həm də virtual aləm süni bölgüdür. Baxın, mənim əvvəl Facebook-da hesabım var idi. İndi hesabımı səhifəyə çevirirəm. Şəbəkənin özünün sayğacı var. Hər yazdığım fikirlərimi 5-10 min civarında insan oxuyur. Yazımı ən çox 15 min insan oxuyub. Məncə, hansısa qəzetə müsahibə verəndə fikirlərimi bu sayda insan oxumur. Sosial şəbəkələr əslində vacib rol oynayır və gerçəkliyin özüdür. Bu, realdır və məncə, ona virtual demək də doğru olmazdı.
- Müsavat Partiyası 2010-cu ildə sizin deputatlığa namizədliyinizi müdafiə etmişdi. İndi bu partiyanın qurultayı keçirilib, daxilində maraqlı proseslər gedir. Bu məsələləri izləyirsinizmi və buna münasibətiniz necədir?
- Namizədliyimi həm Müsavat, həm də AXCP dəstəkləyib. Ancaq mənim onların qurultayına və qurultaydan sonra baş verənlərə münasibət bildirməyim doğru olmaz. Biz ayrı-ayrı təşkilatlarıq. Mən onlara uğur diləyirəm. Biz həm də onlara rəqib gözü ilə baxırıq.
- Ancaq siz həm də ictimai-siyasi fiqursunuz.
- Hər halda mən ictimai fiqur deyiləm, konkret partiya üzvüyəm.
- Müsavatda sizə simpatiya var, nədən qurultaylarına dəvət etməmişdilər?
- Bəli, məni dəvət etməmişdilər, amma dəvət etməyə borclu da deyildilər. Onların yeri balaca idi, güman ki, onlar ayrılan yerə görə daha çox üzvlərinin iştirakına üstünlük veriblər. Ona görə də, bu normaldır. Mən dəvət almadığıma görə narahat deyiləm. Qurultay partiyanın daxili məsələsidir.
- REAL-ın Müsavat və AXCP ilə münasibətləri necədir?
- Nə yaxşı, nə də pis münasibətimiz var. Hazırda heç bir münasibət yoxdur.
- Siyasi təşkilatlar arasında normalda dialoq və müzakirələr olmalıdır.
- Şəxsi tanışlıq və əlaqələr var, ancaq bu partiyalararası münasibətlər anlamına gəlməməlidir. Şəxsən mənim Müsavat Partiyasında tanıdığım çoxlu sayda insanlar var, bir-birimizə hörmətlə yanaşırıq. Lakin bu, şəxsi əlaqələrdir. Ancaq partiyalararası əlaqələr yoxdur.
- Niyə münasibətlər yoxdur?
- Onların gördüyü işlərin hamısını izləyirik. Bizim də gördüyümüz işlərdən onların xəbərdar olduğuna əminəm. Ancaq şəxsi əlaqələr də var. Bundan da artığına ehtiyac duymuruq. Şəxsi əlaqələrimizi də saxlayırıq.
- Oktyabrın 12-də Milli Şura mitinq keçirir. Bu mitinqdə iştirak edəcəksinizmi?
- Bizə bu istiqamətdə dəvətnamə və ya təklif daxil olmayıb. Biz nəzərdə tutduğunuz mitinqə qatılmayacağıq. Çünki belə bir niyyətimiz yoxdur.
Nemət Orucov