23 İyun 2020 09:01
3 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun oğlu, həkim-stomatoloq Toğrul Abdullayev Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

– Toğrul bəy, keçmiş “ANS”çi Vahid Mustafayevin ideya müəllifliyi və prodüserliyi ilə çəkilən film etirazınıza səbəb olub. Etirazınızın əsas səbəbi nədir?

– İyunun 19-da “Haqqin.az” saytında “Çinqiza Mustafayeva pıtali v podvale KQB” (“Çingiz Mustafayevə KQB zirzəmisində işgəncə veriblər”) başlıqlı məqalə gördüm. Bu istiqamətdə yazılan bütün məqalələr kimi bunu da oxudum ki, görüm nədən bəhs edir? Məlum oldu ki, söhbət Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin əmisindən gedir. Stalin repressiyası vaxtında o da repressiyaya uğrayıb. Yazıda qeyd olunur ki, həmin vaxt “İldırım” adlı antisovet təşkilatı yaradılıb. Onun da üzvləri Çingiz Mustafayev, Süleyman İsgəndərli, Ələsgər Tağıyev, Məmmədhüseyn Rzayev, Hüseynağa Ağayev, Ağa Ələsgər Məmmədov, Saleh Rzayev, Zaman Mehdiyev və başqaları olub.

Bilirsiniz, tarixdə bizim tanıdığımız və tanımadığımız qəhrəmanlar çox olub. Onlar Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparıb, lazım gəlsə canlarından keçiblər. Bu şəxslərin hamısını tanıtdırmaq lazımdır. Bununla razıyam. Amma atam Gülhüseyn Hüseynoğlunun və onun 7 silahdaşının yaratdığı və can qoyduğu “İldırım” təşkilatının yuxarıda adları çəkilən şəxslərə heç bir aidiyyatı yoxdur. Bu insanların heç biri o təşkilatda olmayıb. Bəs niyə bu təşkilatın adını özlərinə götürürlər? Bu mənə çatmır.

Vahid Mustafayevlə danışdım. Vahid müəllim deyir ki, yox, adın nə fərqi var? “İldırım” olsun, yaxud başqa nə olsun... Onun danışığı heç xoşuma gəlmədi. Necə yəni “İldırım” olsun, ya başqa nə olsun. Necə yəni adın nə dəxli var?! “İldırım” atamın və onun silahdaşlarının yaratdığı təşkialtdır. O insanlar bu yolda canlarını qoyublar. Həmin vaxt SSRİ-də güllələnmə cəzası ləğv olunmasaydı, güllələnməyə gedirdilər. Güllələnmə cəzası ləğv edildiyi üçün 25 il müddətinə azadlıqdan məhrum edildilər. Yalnız Stalin öləndən sonra onlar bəraət aldılar. Bunlar o qədər əziyyət çəkiblər ki, indi kimsə onların yaratdığı təşkilatın adını mənimsəsin, onunla özünə şan-şöhrət qazansın? Kim nə edib, qoy öz adı ilə etsin. Ola bilsin sayt bilmədən bu cür yanlışlığa yol verib, buna görə təkzib verilməlidir.

"Haqqin.az" saytı akademik Ziya Bünyadova istinad edir və bu təşkilatın adını ona heç bir aidiyyatı olmayan adamlara bağlayır. Mən tarixçilərlə, Tarix Muzeyi ilə də əlaqə saxladım. Hamı hiddətlənib. Bilməyənlər də mən deyəndən sonra bildilər. Belə ki, “İldırım” təşkilatını 1943-cü ildə Gülhüseyn Hüseynoğlu yaradıb. Mütərəqqi insanları, əsasən tələbə gəncləri öz ətrafında cəmləşdirib. Atam həmin vaxt Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) oxuyurdu. O, bu işə Xarici Dillər İnstitutundan İsmixan Rəhimovu cəlb edib.

O vaxt Səməd Vurğunun odlu-alovlu çıxışlarına baxıb ilhamlanaraq ona da bir məktub yazıblar. Akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabında bu haqda ətraflı yazılıb. Ziya müəllim “NKVD” arxivlərinə daxil olub oradan bu materialı götürmüşdü. Səməd Vurğuna məktub atamın evində yazılıb. İsmixan müəllim məktubu sol əllə yazıb ki, ələ keçməsin. Bu hadisə 1943-cü ildə baş verib. Sonra bu təşkilata daha 6 nəfər cəlb olunub. Bu qəhrəmanların hamısının adını bir-bir demək lazımdır. Bunlar Hacı Zeynalov, Azər Ələsgərov, Aydın Vahidov, Kamal Əliyev, Musa Abdullayev və Kamil Rzayevdir. Bu təşkilatı həmin insanlar yaradıblar.

Bunların məqsədi müstəqil Azərbaycan olub. Onlar “nəyə görə Azərbaycanın dövlət dili rus dili olmalıdır” sualını qoyublar. Onların 1937-ci ildə repressiyaya uğramış insanlara bəraət qazandırmaq və digər bu kimi amalları olub. Onlar Azərbaycanın müstəqilliyi üçün hər şeydən keçiblər. Səməd Vurğuna yazılan məktub da necə olubsa “NKVD” əməkdaşlarının əlinə keçib və bunları 1948-ci ildə tutublar.

Atam danışırdı ki, o zaman Azərbaycandakı bütün ali məktəblərdə tələbələrə imla yazdırıblar. Xəttə əsasən müəyyən ediblər. Sonra İsmixan müəllimi tutub işgəncələr verdikdən sonra digər üzvlər də ələ keçib. İsmixan Rəhimov bildirib ki, məni bu işə Gülhüseyn müəllim cəlb edib. Təşkilatı o yaradıb, ondan sonra digər şəxslər bu prosesə cəlb olunub. Görün onlar nə qədər cəsur, qorxmaz insanlar olublar ki, atam da daxil olmaqla bir neçə nəfərə 25 il, digərlərinə az həbs cəzası verdikdə az həbs cəzası verilənlər məhkəmədə deyiblər ki, niyə bizə az cəza verirsiniz? Söyləyiblər ki, bizə də onlar qədər cəza verin.

Məhkəmə prosesi keçmiş Poluxin, indiki Murtuza Muxtarov küçəsindəki məhkəmə binasında keçirilib. Onları məhkəmədən çıxaranda tədbir görüblər ki, birdən yığışan camaat onlara hücum edər. Ona görə də 8 nəfərin hamısını bir-birinə bağlayıblar. Məqsəd də o olub ki, heç kim qaça bilməsin. Üstüaçıq maşında aparanda əllərini qaldırıb qışqırıblar ki, biz qayıdacağıq. Bütün bunlar o cür çətin illərdə baş verib. Demək istədiyim odur ki, onlar bu qədər çətin yollardan keçiblər. Biz buna görə dövlətdən heç nə istəməmişik, heç nə tələb etməmişik. Amma bu adı bizdən almaq olmaz axı... Kimsə bu adı nəyə görə mənimsəməlidir ki?

Vahid Mustafayevin barəsində film çəkdiyi adamlar da bir sıra işlər görüblər. Amma bu, tamam başqa təşkilatdır. Onların “İldırım”a heç bir aiddiyəti olmayıb, yoxdur. Qoy öz adları ilə çıxış etsinlər. Bizim tələbimiz budur.

– Maraqlıdır, bəs o zaman “İldırım” adına iddia etmək nədən irəli gəlir? Bəlkə həmin dövrdə bu adda iki təşkilat olub?

– Olmayıb. Heç bir yerdə, o cümlədən arxivlərdə bu məlumat yoxdur. Olsaydı, indiyədək üzə çıxardı. Bunlar hardasa, tək-tük fəaliyyət göstəriblər. Mənim heç kimin xidmətini kiçiltmək kimi məqsədim yoxdur. Bəlkə də atamdan, İsmixan Rəhimovdan, Hacı Zeynalovdan və digərlərindən qat-qat çox iş görüblər. Amma gördükləri işlərlə bağlı öz adları ilə çıxış etsinlər. Bizim addan nə istəyirlər?

Mən sizə deyim bu nədən irəli gəlir; çünki “İldırım” adı tanınır. Yəqin ki, onların bu ada iddia etməsi bununla bağlıdır. Film çəkəcək, sabah bu filmdə tarixi təhrif etsə, o zaman nə olacaq? “İldırım”la nə işləri var? Atam ömrünü Mikayıl Müşfiqə həsr etmişdi. Güdürdü ki, bir kimsə Müşfiq haqqında yalan nəsə yazmasın. Atam rəhmətə gedib, Müşfiqi də mənimsəyiblər. Ağıllarına gələni yazırlar. Bir bu qalmışdı ki, “İldırım”ı da əlimizdən alsınlar. Belə olmaz axı...

– Necə hesab edirsiniz, etirazınız nəzərə alınacaqmı?

– Dediyim kimi Vahid Mustafayev dedi ki, adın nə dəxli var, hamısı qəhrəmandır. Dedim ki, yox, hərə öz adı ilə çıxış etsin. Sizin əminiz nə edibsə, onu yazın. Dedim ki, film çəkirsinizsə, “İldırım”dan bəhs edirsinizsə, sizin vətəndaşlıq borcunuzdur ki, ora atam və onun silahdaşları haqqında da süjetlər daxil edəsiniz. Orada “İldırım”ın başçısının Gülhüseyn Hüseynoğlu, üzvlərinin də 7 nəfər olması əksini tapmalıdır.

Bəlkə nəyisə qarışdırıblar? Çünki həmin məqalədə də Ziya Bünyadova istinad edilib...

– Ziya Bünyadovun “Qırmızı terror” kitabı mənim qarşımdadır. Orada bütün “İldırım”çıların adları var. Səməd Vurğuna yazılan məktubun da tam mətni orada var. O deyilən adamların hansı təşkilatda, necə fəaliyyət göstərməsinə arxivdən baxsınlar. Onların “İldırım” təşkilatına heç bir dəxli olmayıb. Ziya Bünyadovun kitabında onların haqqında tamamilə başqa məqalə var. Onların ayrıca fəaliyyəti olub. Kitabda hamısı var. Onları 1942-ci ildə tutublar. “İldırım”çıları isə 1948-ci ildə həbs ediblər. Müstəntiqləri erməni milliyyətindən olan Aruşanov və Arustamov olub. Yəni onların da fəaliyyəti olub. Amma onların “İldırım”a nə aidiyyatı var?

Vahid müəllim mənə dedi ki, onların təşkilatının başçısı Süleyman İsgəndərli olub. Onu təriflədi, müsbət cəhətlərindən danışdı. Vahid Mustafayev onu da dedi ki, atamgil onlardan ilham alıblar. Mən bunu istisna etmirəm. Ola bilər ki, onlardan ilham alıblar. Mən də bir qəhrəman görəndə ondan ilham almağa çalışıram. Amma bu o demək deyil ki, mən onun adını götürməliyəm.

P.S Müsahibə başa çatdıqdan sonra Toğrul Abdullayev bizimlə əlaqə saxlayaraq Ziya Bünyadovun “Qırmızı terror” kitabında Süleyman İsgəndərlinin başçılıq etdiyi təşkilatının adının “Kamalistlər” yazıldığını bildirib. Qeyd edib ki, onlar Mustafa Kamal Atatürkdən ilhamlanıblar:

“Dediyim kimi, bunların “İldırım”a aidiyyəti olmayıb. Amma hər birinin xidməti var. Həbs olunublar, dindiriliblər, repressiyaya uğrayıblar. Bəziləri güllələnib, bəziləri həbs edilib. Amma onların təşkilatının adı “Kamalistlər” olub. Bu təşkilat 1942-ci, “İldırım” təşkilatı isə 1943-cü ildə yaranıb. Görünür, sizin qeyd etdiyiniz kimi qarışıqlığa yol veriblər. Bu qarışıqlığı da aradan qaldırmaq lazımdır. Ya da “İldırım” təşkilatı məşhur olduğu üçün onları bura calamaq, onun populyarlığından yararlanmaq istəyiblər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər