2 May 2014 16:23
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən 9 ildir NATO Parlament Assambleyasında Azərbaycanı təmsil edirəm. Sərdar Cəlaloğlu açıqlamasında mənə “dostum” deyə müraciət edib. Ona görə də onun haqqında sərt ifadələr işlətməkdən çəkinirəm. O da dost saydığı insan barədə fikir bildirəndə daha təmkinli olardı, düşünülmüş ifadələr işlətməzdi”.

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikirlərinə münasibət bildirərkən deyib.
Q.Həsənquliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi və Rusiyanın bu münaqişədə oynadığı rolla bağlı S.Cəlaloğlundan fərqli düşünür:
“Mən həmişə demişəm ki, Azərbaycan torpaqlarını Rusiya işğal edib. Ona görə də Ermənistanla danışıqlar aparmağın mənası yoxdur. Danışıqlar Rusiya ilə aparılmalıdır. Əgər münaqişədə hansısa güzəştə gedəcəyiksə, bunu Ermınistana deyil, Rusiyaya etmək lazımdır. Çünki Ermənistana nə qədər güzəştə getsək də, xeyri olmayacaq. Rusiya münaqişənin həllinə imkan verməyəcək. Biz yaxşı xatırlayırıq ki, Heydər Əliyev 1999-cu ildə Ermənistan Kommunist Partiyasının keçmiş birinci katibi Dəmirçiyanla gizli danışıqlar aparırdı, hətta münaqişənin həlli ilə bağlı gizli razılıq da əldə olunmuşdu. Rusiya kəşfiyyatı bundan xəbər tutdu və gedib Ermənistan parlamentini gülləbaran etdi. Ona görə də Rusiyanın maraqları təmin olunmayacağı halda münaqişənin həllinə imkan verməyəcək”.
Partiya sədri hesab edir ki, Ermənistan və Dağlıq Qarabağ münaqişəsi məsələsində Qərb heç vaxt Azərbaycana dəstək verməyəcək. Deputat bildirib ki, belə qənaətə gəlməsi səbəbsiz deyil:
“Sərdar Cəlaloğlu son illərdə Biləcəridən o yana keçməyib. Amma mən 9 ildir həm NATO Parlament Assambleyasında, həm də Avronestdə Azərbaycanı təmsil edirəm. Qərb diplomatlarının bu məsələyə münasibətini bilirəm. Ermənistan Krımın işğalına haqq qazandırdı, BMT-də səs verdi. Bu hadisədən sonra ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədrinin bəyanatlarına, açıqlamalarına fikir verin. Yenə də Ermənistanı, erməniləri müdafiə edirlər. Çünki burada erməni diasporu faktoru var. Dağlıq Qarabağ münaqişəsi məsələsinə görə bizi heç zaman NATO-ya qəbul etməyəcəklər. Azərbaycanın ora üzv olmaq imkanı yoxdur. Belə bir vəziyyətdə Qarabağ məsələsində Qərbin dəstəyini ala bilmiriksə, onda nə etməliyik?”
Sonda Qüdrət Həsənquliyev vurğulayıb ki, Cəlaloğlu son zamanlar fəlsəfə və ideologiya ilə məşğul olur: “Amma mən praqmatik siyasətlə məşğul olan şəxs kimi deyirəm ki, biz Ermənistanla deyil, Rusiya ilə danışıqlar aparmalıyıq”.
Xatırladaq ki, S. Cəlaloğlu BAXCP sədrinin Qarabağla bağlı danışıqlarda Rusiyaya güzəştə getmək fikirlərini tənqid etmişdi.

Nemət


Müəllif: Teleqraf.com