Əfsuslar olsun ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmamışdır. Bunun başlıca səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışıdır.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda giriş nitqi zamanı deyib.
Prezidentin sözlərinə görə, Ermənistan çalışır ki, maksimum dərəcədə bu məsələni uzatsın və status-kvo dəyişməz olaraq qalsın: “Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır. Biz çalışırıq və çalışacağıq ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır”.
İlham Əliyev bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Bunun başqa yolu yoxdur. Bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bunlar məsələnin həlli üçün əsas sənədlərdir. Digər beynəlxalq təşkilatlar da müvafiq qərar və qətnamələr qəbul etmişlər. Yəni hüquqi cəhətdən bizim mövqeyimiz kifayət qədər möhkəmdir”.
Dövlət başçısının sözlərinə görə, iqtisadi cəhətdən əlbəttə ki, Ermənistanı Azərbaycanla müqayisə etmək mümkün deyil: “Azərbaycan zənginləşən, güclənən müstəqil bir dövlətdir. Əlbəttə ki, güclər nisbəti bizim xeyrimizə dəyişir, dəyişəcək. Bizim aramızdakı uçurum daha da dərinləşəcək. Ermənistanın uğurlu inkişafı üçün heç bir amil yoxdur. Çünki ölkə tənəzzülə uğrayıbdır. Nə qədər ki, Ermənistanda kriminal diktatura rejimi hökm sürür, bu ölkə öz müstəqilliyini tamamilə bir o qədər də tez itirəcəkdir. İndi də Ermənistanı müstəqil ölkə adlandırmaq mümkün deyil.
Biz isə inkişaf edirik. Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən bizim kifayət qədər imkanlarımız var”.
Prezident qeyd edib ki, ordu quruculuğu Azərbaycanda uğurla gedir və gedəcəkdir: “Üçüncü rübdə təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatına da bizim hərbçilərimiz layiqli cavab vermişlər. Onlarla işğalçı məhv edilmişdir. Onlara böyük sarsıdıcı zərbə vurulmuşdur. Sadəcə olaraq onlar çalışırdılar ki, Soçi görüşü ərəfəsində özləri üçün daha da əlverişli mövqe əldə etsinlər. Ancaq onların səyləri iflasa uğradı və nəticə etibarilə erməni əsgərləri məhv edildi. Bunun da əsas günahkarı Ermənistanın kriminal rejimidir.
Bir də demək istəyirəm ki, bizim prinsipial mövqeyimizə heç bir qüvvə təsir edə bilməz. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Siyasi, diplomatik, iqtisadi, hərbi amillər burada əsas rol oynayır. Mən dəfələrlə demişəm, bir də demək istəyirəm ki, demoqrafik amil də az rol oynamır. Ermənistanın rəsmi statistikasına görə, təkcə bu ilin doqquz ayında ölkə əhalisi 80 min nəfər azalıbdır. Yəni 80 min erməni vətəndaşı ölkədən gedib və qayıtmayıb. Bu meyl ilin sonuna qədər davam edəcək və beləliklə, Ermənistanda 100 mindən artıq əhali azalacaqdır. Azərbaycan əhalisi isə artır və artacaq. Bu da öz növbəsində gələcəkdə münaqişənin həlli üçün və ümumiyyətlə, regional mənzərə üçün əsas rol oynayacaq”.
İlham Əliyev bildirib ki, Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkədən getməsinin bir neçə səbəbi var: korrupsiya, diktatura rejimi, biznes imkanlarının məhdud olması, işsizlik, yoxsulluq: “Əlbəttə ki, təmas xəttində son hadisələrdən sonra bu kütləvi köç daha da geniş vüsət almışdır. Əgər Ermənistan bir daha təxribata əl atsa, yenə də layiqli cavab alacaq və görəcək ki, bu təxribat yeni köç dalğasına təkan verəcəkdir. Bir sözlə, bir də demək istəyirəm ki, Azərbaycan ictimaiyyəti də bilsin, biz öz prinsipial mövqeyimizdən geri çəkilməyəcəyik. Çalışırıq, çalışacağıq ki, məsələ öz həllini tapsın və tapacaqdır”.