15 İyul 2020 15:26
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məni bu sətirləri yazmağa vadar edən hansısa ambisiya, yaxud ziyalılıq və ağsaqqallıq missiyası deyil. Sadəcə, Azərbaycanın bir vətəndaşı kimi keçirdiyim həyəcan və narahatlıq hissidir. Sondakı qanqaraldıcı hadisə olmasaydı, dünən gecə hər şey möhtəşəm idi. Xalqımız, insanlarımız göstərdi ki, heç nə bizə Qarabağı, işğal faktını unutdura bilməz, mütləq və mütləq torpaqlarımızın sahibi olacağıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev özünün Feysbuk səhifəsində ötən gün Bakıda baş tutan yürüşə münasibət bildirərkən yazıb.

Səfir hesab edir ki, işğalçı ermənilərin ən böyük ümidlərindən biri həm də milli yaddaş hissindən yoxsulluğumuza, unutqanlığımıza idi: “Dünənki ümumxalq həyəcanı bu ümidin əsassızlığını göstərdi.

Eyni zamanda unutmayaq ki, xaos və başsızlıq xalqımıza yeni fəlakətlər gətirə bilər. Dövlətimizin ətrafında daha sıx birləşək, polisin qanuni tələblərinə hörmətlə yanaşaq, təxribarçılara uymayaq, onları özümüz inandıraraq susduraq, yaxud qanuni hakimiyyət nümayəndələrinə müraciət edək.

Hamımız müsəlmanıq, Allahın birliyinə və böyüklüyünə iman gətirmişik. Amma "Allahu Əkbər" təkbirini siyasi şüara çevirib işğalçıya qarşı mübarizəmizə islam fundamentalizmi donu geyindirmək olmaz! Biz din davası aparmırıq, tələbimiz torpaqlarımızın işğaldan azad olunmasıdır.

Bu gün qorumalı olduğumuz ən böyük nemət Azərbaycan dövlətçiliyidir! Bu gün keşiyində durmalı olduğumuz ən böyük dəyər Azərbaycan ordusudur!”


Müəllif: Aysel Azad

Oxşar xəbərlər