15 İyul 2020 17:43
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz istiqamətində gedən döyüşlər bir daha təsdiq edir ki, Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa və vətən uğrunda şücaətlə mübarizə aparmağa qadirdir. Bununla yanaşı, ötən gecə minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində əllərində Azərbaycan bayrağı, ölkəmizin himnini oxuyaraq “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirərək Azərbaycan ordusuna, onun Ali Baş Komandanına, dövlətinə dəstəyini ifadə edib.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O, təəssüflə qeyd edib ki, ötən gecə aksiya zamanı bir qrup insan mövcud vəziyyətdən başqa məqsədlər üçün istifadə etməyə, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışıb:

“Aksiya iştirakçılarının əksəriyyəti polislərin tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməyib, orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq qeyri-qanuni şəkildə Milli Məclisin binasına daxil olub, binaya zərər vurub və parlamentin foyesində “Allahu-Əkbər” şüarları səsləndiriblər.

Biz xalqımızın iradəsi, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik”.

Vüqar Bayramov hesab edir ki, istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir: “Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi birləşdirməliyik”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər