24 İyul 2020 14:02
3 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş erməni təxribatı xaricdə yaşayan azərbaycanlıları da ayağa qaldırıb. Ordumuza, xalqımıza dəstək üçün təşkil olunan dinc aksiyalarda ermənilər növbəti təxribata əl atıblar. Müxtəlif şəhərlərdə ermənilər tərəfindən azərbaycanlılara, hətta jurnalistlərə qarşı fiziki təzyiqlərin görüntüləri videoya alınaraq yayımlanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında keçirilmiş dinc aksiyada iştirak edən azərbaycanlı Turqut Əliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanlılar tarixən zorakılıq tərəfdarı olmayıb. Siz dinc aksiya keçirdiyiniz halda aqressiv münasibətin şahidi oldunuz. Bunu gözləyirdinizmi?

- Ermənilərin belə vəhşiliyini təbii ki, gözləmək lazım idi. Aksiyadan bir gün əvvəl erməni aqressivliyinin qarşısını maksimum dərəcədə almaq üçün öz aramızda danışmışdıq. Biz Los Ancelesdəki Baş Konsulluğumuzdan xahiş etmişdik ki, hadisə yerinə polislər cəlb olunsun, təhlükəsizliyimiz qorunsun. Biz aksiyaya gedəndə artıq 3-4 polis maşını var idi. Onlar bizə dedilər ki, təhlükəsizliyinizi qoruyacağıq, amma yerinizi dəyişməlisiz.

Yerimizi dəyişəndə ermənilərin içinə düşdük. Bu da bizi ermənilərin vəhşicəsinə hücumuna məruz qoydu. Onlar aksiya iştirakçısı olan azərbaycanlı xanımlara, gənclərə vəhşicəsinə hücum çəkdilər.

- Polis sizə “yeriniz dəyişin, sizi qoruyacağıq” desə də, buna əməl etməyib. Sizcə, Amerika polisi erməni təxribatının bir parçası ola bilərmi?

- İnanmıram ki, polis erməni təxribatının bir hissəsinə çevrilsin. Amma Amerikada polis işdən çox, şou göstərməyə meyllidir. Onu da deyim ki, aksiyaya gələn ermənilərin sayı həqiqətən çox idi. Ümumiyyətlə, Amerikada bu kimi aksiyalar adətən dinc keçir. Küçənin o üzündə bir ölkənin, digər tərəfində başqa ölkənin müdafiəçiləri, soydaşları olur. Təxribata yol vermir, müxtəlif şüarlar səsləndirib dinc yolla aksiyalarını keçirib çıxıb gedirlər.

Fikrimcə, polis ermənilərin vəhşicəsini hücum edəcəyin gözləmirdi. Ona görə də, vəziyyətə və məsələyə ciddi yanaşmırdılar.

- Aksiyada xəsarət alan neçə nəfərdir və onların vəziyyəti necədir?

- Aksiyada iştirak edən oğlanların demək olar ki, hamısı xəsarət alıb. Ümumilikdə biri xanım olmaqla 8 nəfər ciddi xəsarətlə üzləşib. Xanım aksiya iştirakçısının bədəninin müxtəlif nahiyələrində zədələr var idi. Onlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib. Birinin vəziyyəti orta-ağır qiymətləndirilsə də, öz istəyi ilə evə buraxılıb.

- Beynəlxalq media ermənilərin yeni başlatdığı terror dalğası haqqında nə yazır?

- Artıq ABŞ mediasında ermənilərin bu hərəkəti kriminal nifrət kimi qələmə verilir. Çünki ermənilər Los Ancelesin ortasında dinc aksiya keçirən azərbaycanlılara kütləvi hücum ediblər. Amerikada bu cür hadisələr nadir hallarda görünür.

- Azərbaycanlılara hücum edən ermənilərə hüquqi cəza verilibmi, yoxsa hələ də sərbəstdirlər?

- Hələ ki, heç bir hüquqi cəza verilməyib. Yalnız Amerika polisini yaralayan erməni həbs edilib. Hazırda Los Anceles Polis Departamentinin araşdırma apardığını deyilir. Onlar hadisənin gedişatını, qarşıdurmanın nədən yarandığını araşdırır. Çox güman ki, bundan sonra həbslər başlayacaq.

- Sonrakı addımlarınız hansı yöndə olacaq?

- Bundan sonra ermənilərin Azərbaycana qarşı törətdiyi vəhşilikləri Amerika mediasında maksimum işıqlandırmağa çalışacağıq. Hazırda bu istiqamətdə müsbət irəliləyişin olduğunu deyə bilərəm.

Bundan əlavə, müxtəlif şəhərlərdə yaşayan azərbaycanlılar növbəti aksiyalar keçirməyi düşünür. Məndə olan məlumata görə, növbəti hərəkət trayektoriyası Nyu-York və Boston şəhərlərində olacaq. Bu aksiyaların da uğurlu keçəcəyinə əminəm. Oradakı soydaşlarımıza səbir diləyirəm. Çünki belə bir vəhşiliyin qarşısında dayanmaq çox böyük səbir tələb edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər