Dünyada koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 650 min nəfəri ötüb.
Teleqraf.com pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyulun 25-də dünya üzrə koronavirusa 257 min 789 nəfər yoluxub, 5 min 689 nəfər həyatını itirib.
Saytın son məlumatına əsasən, indiyədək koronavirus infeksiyasına 16 milyon 305 min 184 yoluxma və 650 min 117 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 9 milyon 967 min 860 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 5 milyon 687 min 207 xəstədən 66 min 237-nin vəziyyəti ağır qiymətləndirilir.
Ötən sutka ərzində ABŞ-da 67 min 413 yoluxma aşkarlanıb. Bununla da Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 4 milyon 315 min 709 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur - 2 milyon 396 min 434 nəfər. Hindistanda 1 milyon 385 min 494, Rusiyada 806 min 720, Cənubi Afrika Respublikasında 434 min 200, Peruda 379 min 884 nəfər virusa yoluxub.
ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 149 min 398 nəfər. İlk beşliyə daxil olan Braziliyada 86 min 496, Birləşmiş Krallıqda 45 min 738, Meksikada 42 min 645, İtaliyada isə 35 min 102 nəfər koronavirus səbəbindən həyatını itirib.
Son vaxtlar infeksiyadan sağalanlara nisbətdə ölənlərin sayında mütəmadi azalma müşahidə edilir. Hazırda bu göstərici 6,14 faizdir.
Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib. Martın 11-də koronavirus infeksiyasının yayılması pandemiya elan edilib.