2 May 2014 18:08
1 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hüquqşünaslar Birliyinin sədri Ənnağı Hacıbəyli hüquqşünas Aslan İsmayılovu hüquq müdafiəçisi Leyla Yunusla bağlı tutduğu mövqeyinə görə tənqid edib.

Ə.Hacıbəyli bununla bağlı yazdığı Facebook statusunda qeyd edib ki, A.İsmayılovun L.Yunusla bağlı mövqeyi onu təəccübləndirmir: "Bir neçə il öncə Leyla Yunus, İntiqam Əliyev və mən Avropa Şurasının Azərbaycan üzrə məruzəçiləri Herkel və Jivkova ilə görüşdük. Görüş başlananda gözlənilmədən Aslan İsmayılov otağa daxil oldu. Herkel təklif etdi ki, insan haqları, məhkəmə hakimiyyəti, qanunvericilik və siyasi dustaqlarla bağlı məsələləri müzakirə edək. Kimin birinci danışacağını müəyyən etmək üçün bir-birimizə baxanda Aslan tez-tələsik bəyan elədi ki, mən hamıdan sonra danışacam. Məsələ aydın idi. Biz gündəlikdəki məsələlər barədə fikirlərimizi bildirdik, Leyla xanım siyasi dustaq siyahısını Herkelə təqdim etdi. Aslan dərhal çıxışa başladı. Təxminən bunları dedi: burada deyilən bəzi fikirlərlə razıyam, amma qanunvericilik, məhkəmə, insan haqlarının durumu barədə deyilənlərin əksəriyyəti ilə mənim fikirlərim üst-üstə düşmür. Ölkədə durum burada danışılan kimi problemli deyil, sadəcə bəzi nöqsanlar var və hakimiyyət onları həll etməyə çalışır. Hansı ölkədə nöqsan yoxdu ki? Leyla Yunusun təqdim etdiyi siyahı isə saxtadır, orada adı çəkilənlərin bir çoxu siyasi dustaq deyil, qatı cinayətkarlardır və siyahıya şübhəli əsaslarla düşüblər. Mübahisə başlandı və əslində tədbir pozuldu. Binadan çıxandan sonra Aslan bizimlə əslində eyni fikirdə olduğunu, lakin bəzi şeyləri şişirtdiyimizi bildirdi".

Ə.Hacıbəyli daha sonra qeyd edir ki, bir neçə gün qabaq hava alanında Leyla xanıma qarşı törədilən hərəkətlərlə bağlı A.İsmayılovun saytlarda və “Facebook” səhifəsində yazdıqlarını oxuyanda təəccüblənmədim: "Hakimiyyətin xoşuna gəlməyən adamlar adətən bir halda Aslanın müdafiəsinə iddia edə bilərlər – Aslanın onlarla müqaviləsi varsa. İstənilən məsələ ilə bağlı müsahibə verən Aslan mütləq məsələni müdafiə etdiyi adamların üstünə gətirməlidi – ölkədə ən cəsarətli, ən peşəkar, ən canıyanan vəkil olduğunu göstərmək üçün... Leyla xanım haqqında dediklərinin saytlarda təhrif olunduğunu deyən Aslan yazır: “Hamı Leyla Yunusu müdafiə edir, nə olardı ki, müdafiənin cüzi bir hissəsi kimsəsizlərə də göstərilərdi. “Fikirlərim heç də hakimiyyətin müdafiəsi kimi qiymətləndirilməməlidir”, Bəs necə qiymətləndirilməlidir? Sən bizə qiymətləndirmə “navodkası” verə bilərsən, ancaq əlahəzrət məntiq onu qəbul etməyəcək. Aslan, yazırsan ki, güvəndiyim dostların hamısı məni qınadı. Niyə? Bu suala bilərəkdən cavab vermirəm. İstədim ki, sənə də düşünməyə nəsə qalsın".

A.İsmayılov Teleqraf.com-a açıqlamasında həmkarının ittihamlarına cavab verib. O, məruzəçilərlə görüşdə L.Yunusun təqdim etdiyi siyahıya həqiqətən də narazılıq etdiyini bildirdi: " Ənnağı Hacıbəylinin statusunda yazdıqlarının bəzi məqamları düzgündür. Mən "sadvalçılar"ın, Ələkrəm Hümbətov kimi cinayətkarların siyasi məhbus kimi təqdim olunmasına qarşı çıxdım. Bu mənada Ənnağı Hacıbəyli düz deyir. Yazıdakı digər məqamlara ətraflı münasibət bildirəcəm. Bu qarışıq məqamda müzakirə mövzusunu dəyişmək istəmirəm. Mənim tələsik ora gəlməyim, sonda söz demək istəməyim və digər məsələlərlə bağlı Ənnağıya sözüm odur ki, kişi olanları deyər, eyhamla danışmaz. Hələ ki, vaxtı var, içindəki çirkabları töksün. Mənim isə gözlədiyim odur ki, hakimiyyət Leyla Yunus ətrafında baş verən ajiotaj, Rauf Mirqədirova qarşı ittihamlarla bağlı ortaya sübut qoyacaqmı? Şəxsən mən Rauf Mirqədirov və Leyla Yunusa qarşı ittihamların həqiqiliyinə inanmıram. Mənim tərəddütlərim var, gözləmək istəyirəm".

L.Yunusun polisin papağını yerə atmasına da münasibət bildirən A.İsmayılov bildirdi ki, bu, qəbuledilməzdir: "Mənim özüm də polis əxlaqsızlığı ilə üzləşmişəm. Amma bu, mənə əsas vermir ki, Azərbaycan polisini təhqir edim, onun papağını yerə atım. Hüquqşünas, hüquq müdafiəçisi ilk növbədə öz hərəkətlərində diqqətli olmalıdır ki, başqalarından da bunu tələb edə bilsin".

Ruslan


Müəllif: Ruslan Xəlil