Leyla Abdullayeva: “Milli mətbəx nümunələri pasportlaşdırılacaq”
Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin üzvü Leyla Abdullayeva Milli kulinariya haqqında qanun layihəsindən danışıb.
Deputat xatırladıb ki, bir müddət əvvəl Prezident İlham Əliyev də sağlam qida, ərzaq, mətbəx mədəniyyətinin mühümlüyünü vurğulayıb. Onun fikrincə, bu da təsadüfi deyil: “İnsan amili, onun səhhəti, qidalanması, ərzaq təhlükəsizliyi bütün inkişaf etmiş ölkələrdə dövlət və cəmiyyətin ən mühüm, diqqət mərkəzində olan bir problemidir. İdeya və layihə müəllifi olduğum “Milli mətbəx mədəniyyəti (“Kulinariya haqqında”) haqqında” qanun layihəsi hazırdır və həmin sənəd Mədəniyyət komitəsinə hələ ötən sessiyada təqdim olunub. Payız sessiyası ərzində layihə Mədəniyyət komitəsində müzakirə ediləcək. Bundan sonra isə plenar iclasda baxılması üçün tövsiyə olunacaq”.
Deputat bildirib ki, layihə qəbul edilsə, qanuna görə, milli mətbəx nümunələrinin Mədəni İrs Nümunələrinə aid edilməsi pasportlaşma qaydası ilə və dövlət reyestrində qeydiyyat vasitəsi ilə həyata keçiriləcək: “Sənəddə milli mətbəxin təbliğini təmin edən tədbirlərin görülməsi, müvafiq sahədə peşəkar kadrların hazırlanması və sair də nəzərdə tutulur. Bu qanun qəbul edilərsə, milli mətbəximiz elmi araşdırmaların predmeti olacaq. Ərzaq təhlükəsizliyi, kadrların hazırlanması kimi məsələlər də ola bilər. Bir sözlə, bu, hələlik ilkin layihədir, yəqin ki, xeyli əlavələr olacaq”.
Cavidan