12 Sentyabr 2020 15:59
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pianoçu Toğrul Hüseynli Almaniyada keçirilən Pianoçuların XVI Motsart Beynəlxalq Müsabiqəsinin qalibi olub.

Teleqraf.com xəbər verir ki, 8-11 sentyabr tarixində Almaniyanın Axen şəhərinin Konservatoriyasında keçirilmiş Pianoçuların XIV Motsart Beynəlxalq Müsabiqəsi böyük tarixə malik, Avropanın ən böyük müsabiqələrindən biridir. Bu müsabiqə məşhur pianoçuların iştirakı ilə tanınır.

Bu il baş tutan müsabiqəyə Almaniya, İtaliya, Belçika, Rusiya və Fransadan gəlmiş məşhur musiqiçilərin iştirakı ilə 8 münsif qatılıb. Münsiflərin sırasında dünyaca məşhur pianoçu-professorlar Vilçenzo Balzani (İtaliya), Andreas Frölih (Almaniya), Paulo Baqlieri (İtaliya), Katya Andeyeva (Rusiya-İsveç), Volfram Şmit-Leonardi (Almaniya) və başqaları təmsil olunub.

Müsabiqənin təşkilatçıları Almaniyanın Köln, Axen Konservatoriyaları və Axen şəhərinin İcra Hakimiyyətidir.

Müsabiqənin ilk 2 mərhələsi Axen Konservatoriyasında, final mərhələsi isə Axen şəhərinin məşhur “Bal” zalında keçirilib. Qeyd edilib ki, bu müsabiqə mövcud pandemiya şərtlərinin yumşaldılmasından sonra ənənəvi qaydada keçirilən ilk müsabiqədir. Alman mətbuatı müsabiqəni geniş şəkildə işıqlandıraraq dünya ictimaiətinə təqdim edib. Müsabiqənin 2 və 3-cü mərhələləri Youtube kanalı vasitəsilə canlı yayımlanaraq təqdim olunub.

Dünyanın 13 ölkəsindən - İtaliya, İngiltərə, ABŞ, Yaponiya, Çin, Cənubi Koreya, Taivan, Rumınya, Ukrayna, Rusiya, Serbiya, Polşa və Azərbaycandan 30 iştirakçının qatıldığı müsabiqə mürəkkəb proqram şərtləri və 3 mərhələli olması ilə yalnız ən istedadlı pianoçuların mübarizə apara biləcəyi bir müsabiqədir. Bu müsabiqədə iştirak edən pianoçular dünya musiqi arenalarında öz sözünü demiş pianoçulardı.

Birinci mərhələdən ikinci mərhələyə 30 iştirakçıdan yalnız 8 pianoçu keçə bilib. Gərgin mübarizə ikinci mərhələdə də davam edib. Bu mərhələdə 40 dəqiqəlik proqramla çıxış edən həmyerlimiz Toğrul Hüseynli ifa etdiyi R.Şumanın “Simfonik etüdlər” op.13 silsiləsi və L.V.Behhovenin C dur op.53 “Avrora” Sonatası ilə bütün münsiflər heyətini məst edib. Finala ancaq 3 iştirakçı - Toğrul Hüseynli, Ukrayna və Çinin pianoçuları keçərək finalist adlarını qazanıblar.

Fianlda Toğrul Hüsenli V.A.Motsartın KV310 a moll, və S.Prokofyevin 7 saylı op.83 Sonatasını yüksək səviyyədə ifa edərək digər iki həmkarını geridə qoyub. Birinci dərəcəli mükafatla yalnız Toğrul Hüseynli təltif olunub.

Qeyd edək ki, Toğrul Hüseynli dəfələrlə İspaniya, Almaniya, Ukrayna, Azərbaycan və dünyanın digər ölkələrində keçirilmiş nüfuzlu Beynəlxalq Müsabiqələrinin qalibi və laureatı olub.

Azərbaycanın adını iştirak etdiyi beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə yüksək zirvələrə qaldıran istedadlı pianoçumuzu ürəkdən təbrik edir və yeni yaradıcılıq zirvələri diləyirik.

Toğrul Hüseynlinin ifalarını bu videolarda izləmək olar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər