“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısı mərkəzdə yaradılan şəraitlə tanış oldu.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov Prezident İlham Əliyevə Təhsil Mərkəzi barədə məlumat verdilər.
Bildirildi ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var.
Hazırda Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.
Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb.
Qeyd edək ki, sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib.
Prezident İlham Əliyev: Hesablayın, ümumiyyətlə, illik ümumi daxili məhsul hansı həcmdədir.
Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla hazırda Prezident Administrasiyasının aidiyyəti qurumları ilə hər bir bölgəmiz üçün ümumi daxili məhsulun, investisiyaların cəlb edilməsi, adambaşına düşən ümumi daxili məhsulun hamısının qiymətləndirilməsini aparırıq.
Prezident İlham Əliyev: Bəli, qiymətləndirin. Çünki mən dəfələrlə icra başçıları ilə görüşlərdə demişdim ki, onların fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz bunlar olmalıdır – investisiyaları cəlb etmək, iş yerləri yaratmaq, eyni zamanda, rayon və şəhərlərdə gedən işlərə təkan vermək.
Xatırladaq ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub.
Prezident İlham Əliyev: Mən demişəm ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir.
Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır.
Təbii ki, bizim neft yataqlarımız nə vaxtsa tükənəcək. Düzdür, biz yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlayacağıq, çalışacağıq ki, hasilat səviyyəsi sabit olaraq qalsın. Ancaq bizim əsas gəlir mənbəyimiz olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül də qaçılmazdır. Biz bu boşluğu məhz qeyri-neft sektoru hesabına təmin etməliyik. Tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyyə balansımızın müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma biz çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır. Elədirmi?
Mikayıl Cabbarov: Bəli.
Prezident İlham Əliyev: Çünki biz bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi biz 300 milyon manata qənaət etmişik. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. Mən fabrikin açılışında demişdim, çalışın ikinci, üçüncü xətləri də qurun ki, istehsalat artsın və biz bu məhsulu ixrac edə bilək. O vaxt da demişdim, mən elə onu istəyirəm ki, bu məhsulun hamısı ixraca getsin, Azərbaycanda heç kim siqaret çəkməsin və daxili tələbat olmasın. Amma əlbəttə ki, bu, mümkün deyil, ancaq buna çalışmalıyıq. O cümlədən təbliğat işlərimizi düzgün qurmalıyıq, bundan başqa, təbii ki, qadağalar qüvvəyə minibdir. Ona görə mən bu fabriki gələcəkdə sırf ixracyönümlü müəssisə kimi görürəm və belə misallar çox gətirmək olar. İndi bizim tütün istehsalımız, keyfiyyətli avadanlığımız var. Mən deyirdim ki, tütün istehsalı olmayan bəzi ölkələr nə üçün bizə məhsul ixrac edir. Onlar tütünü xaricdən alırlar və sonra onu emal edib satırlar. Düzdür, siz də bilirsiniz ki, siqaret istehsalında biz xarici tütündən də asılıyıq. Ancaq qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən də məhsul alınsın və beləliklə, kənd təsərrüfatının inkişafına da təkan verilsin.
Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur. Sahəsi nə qədərdir?
Mikayıl Cabbarov: Ümumi ərazisi 508 hektardır.
Prezident İlham Əliyev: 508 hektar, amma yəqin ki, hələ genişlənəcək.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov: 80 faizdən çox məskunlaşıb, cənab Prezident.
Prezident İlham Əliyev: Yaxın iki-üç ildə tam dolacaq?
Nazim Talıbov: Bu dinamika ilə getsək bəli, yaxın iki-üç ildə tam dolacaq.
Prezident İlham Əliyev: Ona görə yeni ərazilər lazımdır. Burada, Sumqayıtın ətrafında belə ərazilər çoxdur. Siz bəlkə o ərazilər üçün də artıq indidən plan işləyib tərtib edəsiniz ki, - o yerlərin təmizlənməsi, kommunikasiyaların çəkilməsi və digər lazımi məsələlər, - bu iş dayanmasın. Çünki xarici investorların ölkəmizə marağı artır, mən yerli investorları da istiqamətləndirmişəm ki, Azərbaycana pul qoysunlar. Beləliklə, burada inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin.
Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, biz Sizin çağırışınıza artıq sahibkarlardan reaksiya alırıq - həm Azərbaycanda, həm də ölkəmizdən kənarda fəaliyyət göstərən iş adamlarından. Baxmayaraq ki, biz hələ mövcud karantin dövründə yaşayırıq, amma əlaqə saxlanılıb, müraciətlər var. Mən güman edirəm ki, növbəti bir il ərzində bu çağırışın da real nəticələri barədə Sizə məruzə olunacaq.
Prezident İlham Əliyev: Çox yaxşı. Eyni zamanda, əlbəttə, mən çıxışımda xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edirdim ki, onlar da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq.
Qeyd olunduğu kimi, Sumqayıt Kimya Sənaye Parkının ərazisinin təxminən 85 faizində müəssisələr yaradılıb. Bu templə yaxın 2-3 il ərzində parkın ərazisi tam dolacaq. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə strategiyasının uğur göstəricisi kimi də qiymətləndirilməlidir. Strategiya özündə gələcəyə aydın baxışı və daimi inkişafı ehtiva edir.
Prezident İlham Əliyev: Mən qeyd etdiyim kimi, Sənaye Parkının gələcək inkişafı ilə bağlı təkliflər hazırlayın, yerləri seçin. Çünki yenə də deyirəm, belə templə ki, biz gedirik 2-3 ilə bütün bu yerlər dolacaq və 508 hektarda yer qalmayacaq. Ona görə baxın, harada biz bunu davam etdirə bilərik. Şərt deyil ki, bu əraziyə bitişik olsun, buradan bir qədər kənarda ola bilər, amma əsas odur ki, bu yerə rezident statusu veriləcəkdir. Təmizlik, kommunikasiya işlərinə bəlkə də elə bu ildən, vaxt itirmədən başlamaq olar. Çünki bu da vaxt aparacaq. Biz o zaman bu ərazini təmizləyəndə buna təqribən bir il vaxt lazım oldu. Həm təmizləmə, ondan sonra kommunikasiya işləri. Ona görə bəlkə ilin sonuna qədər müəyyən vəsait də ayrıla bilər ki, yeni seçilmiş yerdə biz bu işləri görək, növbəti investorlar artıq maraq göstərəndə vaxt itirməsinlər.
X X X
Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibəti ilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.
***
13:47
“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Teleqraf.com-un məlumatına görə, dövlətimizin başçısı mərkəzdə yaradılan şəraitlə tanış oldu.