Astan Şahverdiyev: “Müxalifətin daxilində xainlər var”
Millət vəkili Astan Şahverdiyev Milli Şuranın oktyabrın 12-də keçirdiyi mitinqə münasibət bildirib.
Deputat deyib ki, ümumiyyətlə, radikal müxalifətin keçirdiyi aksiyaları qiymətləndirməyə dəyməz. Onun fikrincə, əslində müxalifətin mitinq keçirməsinin heç bir əhəmiyyəti yoxdur:
“Onların aksiyasına insanlarımız qatılmır. Artıq onların reytinqi, nüfuzu yoxdur, özləri də təmiz çöküblər, qüvvələri qalmayıb. Mitinqlə bu ölkədə heç nəyə nail ola bilməzlər. Onlar sosial dayaqlarını itiriblər və müxalifətin arxasınca gedən yoxdur. Fikrimcə, sağlam və konstruktiv müxalifət tam formalaşana qədər cəmiyyətdə reytinqlərini itirən müxalifət belə addımlarla öz varlıqlarını göstərməyə çalışacaq. Hərçənd ki, bu, mənasız və əhəmiyyətsiz bir işdir. Konstruktiv müxalifət dövlətə və hakimiyyətə lazımdır ki, tənqidləri eşitsin. Ancaq şər atmaq, hər şeyi qaralamaq olmaz. Çatışmayan cəhətlərin qeyd edilməsi inkişafa səbəb olur. Amma şərbazlıqla heç nə alınmır”.
Deputat qeyd edib ki, beynəlxalq təşkilatların Azərbaycanla bağlı qəbul etdiyi sənədlər tövsiyə xarakteri daşıyır:
“Xüsusilə, “siyasi məhbus”lar barədə. Bəyəm, bizdə siyasi məhbus var? Konkret cinayət əməlinə görə, kimlərsə istintaqa cəlb edilib, məhkəmələr gedir. Niyə adını qeyd etdiyimiz beynəlxalq təşkilatlar bir milyondan çox məcburi köçkünün hüquqları məsələsini indiyə qədər bir dəfə də olsun qaldırmır? Burada ikili-üçlü standartlar var və biz bunu çox gözəl bilirik. Ona görə, beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri ciddi qəbul eləmirəm. Çünki onlar haqqı qoyub ədalətsizlikdən yapışırlar. Beynəlxalq qurumların əsası olmayan iddialarına Prezident və Milli Məclis tərəfindən lazımı cavablar verilib. Azərbaycan müstəqil xarici siyasət aparır, heç bir təşkilatlara qoşulmur. İndi deyirlər ki, beynəlxalq qurumlarla müxalifətin maliyyə və digər əlaqələri var. Əgər müqavilə bağlayırlarsa və ya Azərbaycanın mənafeyinə zidd olan qərarların qəbul edilməsindən söhbətlər gedirsə, deməli, onlar da bu xalqın düşmənləridir. Kimsə, maliyyəsini ödəyir və əvəzində də nəsə tələb edir. Həmişə belə olub. Deyir satqınlıq olmasa, köləlik də olmaz. Təəssüflər olsun ki, müxalifətdə satqınlar da var. Əlbəttə, bu, bütün müxalifətə aid deyil. Çünki müxalifətdə konstruktiv, yeni fikirli, Azərbaycanın mənafeyini güdənlər də var. Amma təəssüflər olsun ki, xainlər də var”.
Cavidan