1988-2020. Həyatımın 32 ili. Qocaman 32 il, biz tərəflərdə deyildiyi kimi, bir igidin ömrü. Və ya Vətənində vətənsiz, məmləkətində torpaqsız yaşamaq... Yəni Qarabağsızlıq... Yəni hər şeyin var, amma sənin deyil. Əlini uzatsan, çatar. Amma əlini uzada, götürə bilməzsən. Əlinmi yoxdur, qolunmu qopub, təpərinmi azalıb, gücdənmi düşmüsən?.. Hər nədirsə, hər nəsənsə, hər kimsənsə, yox kimisən. Varsan, amma həm də yoxsan...
Bu nə deməkdi, bilirsizmi? Vətəniniz nə zamansa işğal olunubsa, bilərsiz...
Məsələn, şəhər var sənindir, Şuşa kimi, amma gedə bilmirsən. Kəlbəcər var, sənindir, amma Toğanadan boylanırsan. Ordan o yana yollar bağlıdır, getmək istəyərsən, buraxmazlar.
Laçın var, sənindir, özünündür, amma nə o gələr, nə sən gedə bilərsən...
Yol da sənindir, El də sənindir, Ev də sənindir, amma… həsrətsən, təşnəsən, bu var kimi yoxluqdan, yox kimi varlıqdan ölüb-ölüb dirilirsən…
Bu 32 il bax, belə bir ömürdü. Bu ömrü yaşamaq o qədər ağırdı ki, ağır idi ki, bəlkə də elə igidlik – “bir igidin ömrü”saymaq olar. Ya da bəlkə heç ömür deməməliyik adına, “dözüm” deməliyik. Çünki biz 32 ildir əslində yaşamamışıq, dözmüşük, dözməyə məhkum edilmişik...
Qarabağ söhbətləri başlayanda cəmi 13 yaşım vardı. İndi 45-dən gedir. O zaman başlayanda Qarabağ həqiqətən söhbət idi: söz-söhbət. Sonra müharibə oldu, savaş oldu, qan-qada oldu, ölüm oldu, Şəhidlik oldu, öz Vətənində, öz torpağında qaçqınlıq, məcburi köçkünlük oldu.
Nəhayət, indi, məhz indi, düz 32 il sonra - 2020-ci ilin bu sentyabr günlərində o Böyük Dönəmi yaşayırıq çağdaş tariximizdə. Günəş sevincimizi, qürurumuzu, vüqarımızı paylaşırmış kimi gülümsəyir. Nə gözəl gündür!
İnsanın həyatında xoşbəxtlik anlardan ibarətdi, deyirlər. O andır, həmin o andır həyatımızda. Xoşbəxt, bəxtəvər olduğumuz o böyük An…
Bağrıma basmaq, üzündən-gözündən öpmək istəyirəm o Anın… Təsəvvür edirsiz, bizi təbrik edirlər, biz təbrik edirik bir-birimizi Qələbə münasibətilə!
Bir insan, bir azərbaycanlı, bir qarabağlı daha nə istəyər ki, Allahından, Ali Baş Komandanından, Ordusundan, Xalqından…
32 ildir yolunu gözlədiyimiz Qələbə nəfəs qədər yaxınımızda, bir addımlığımızda, köksümüzdədir. Tarix yazır qəhrəman Ordumuz! 27 ildir ki, işğalda olan ərazilərimiz ev-ev, məhəllə-məhəllə, kənd-kənd azad olunur. Müzəffər ordumuz, qəhrəman əsgərlərimiz 7 kəndi yox, 7777 kəndi azad ediblər - elə bilin, elə təsəvvür edin. Təsəvvür edin ki, cəngavər oğullarımız sadəcə, Murov zirvəsini azad etməyiblər. Eyni zamanda bizi də qaldırıb o dağın, o zirvənin başına qoyublar...
Qeyri-adi hislərdir, ifadə olunması həddən ziyadə çətin, hətta yadırğadığımız, dadını-tamını yaddan çıxardığımız hislərdir. İfadə etməyə söz tapmırıq. Sözdən daha ötədir çünki. Qəlbimizi, ruhumuzu, vücudumuzu riqqətə gətirən tamamilə fərqli bir duyğudur, duyğu selidir! Bizi biz edən, millət edən günlərdir. Millət olaraq yenidən doğuluruq.
Millət olmağın da şəkilləri var, formaları var. Bəzən dağ olursan, bəzən daş, bəzən ot, bəzən də bapbalaca tumurcuq; bəzən sərhəd olursan, bəzən torpaq, bəzən şəhid, bəzən də ikicə misralıq bayatı olursan. Amma indi Bayraq olan günümüzdür. Fikir verin, Bayraq kimi dalğalanırıq hamımız. Üçrəngli bayrağıq Vətən səmasında. Elə bir yüksəklikdə ki, haradan, hansı tərəfdən, hansı yöndən baxsalar, görünürük…
Ən əsası, Qarabağ bizə baxır, biz Qarabağa…
Şuşa bizə sarı gəlir, biz Şuşaya…
Gözün aydın, Millət! Yenidən doğulursan!