“ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa Ermənistana siyasi dəstək verən ölkə olaraq, beynəlxalq hüququ tapdalayır və Azərbaycanın ərazi bütövlüyünə qarşı fikir irəli sürür. Fransa Prezidenti Emmanuel Makron BMT Təhlükəsizlik Şurasını toplamaqla Ermənistanı cəzadan qorumağa çalışır”.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Makron ABŞ və Rusiya dövlət başçılarına zəng edərək, Qarabağ məsələsini və Azərbaycanın hücumlarını dayandırmağın yollarını müzakirə edib:
“Göründüyü kimi, Makron açıq şəkildə Qarabağın işğaldan azad edilməsinin əleyhinədir. Bu istiqamətdə də səylər göstərir. Əlavə edim ki, Makron Türkiyə qarşı Yunanıstanla bir cəbhədədir. Qarabağ məsələsində də Türkiyənin rolunu qabardaraq burada Ermənistanla eyni siyasi xətti bölüşür.
Hesab edirəm ki, Fransa rəhbərliyinin mövqeyi heç nəyi dəyişməyəcək. Fransa beynəlxalq hüququn göstərdiyi tərəfdə deyil, işğalçının yanında durmaqla Minsk qrupu çərçivəsindəki fəaliyyətinə kölgə salmış oldu. Azərbaycan bundan sonra Fransanın Minsk qrupundakı təmsilçiliyini qəbul etməməlidir. Ümumiyyətlə, hazırkı prosesdə Minsk qrupu funksiyasını itirib”.
Ekspertin sözlərinə görə, Fransa prezidentinin “təşəbbüsləri” nəticəsiz qalacaq: “Fransa harada olmağa çalışırsa, qarşısına Türkiyə çıxır. Liviyada, Nigerdə, Malidə, Liviyada, Aralıq dənizində, Suriyada, nəhayət Qafqazda Türkiyə Fransanın işğalçı təşəbbüslərinin qarşısını alır. Çünki Makron haqsızdır və işğalçı tərəfdədir”.