"Ermənistan Respublikası Azərbaycana qarşı yalnız cəbhədə təxribatlar törətmir, həm də işğal edilmiş ərazilərdə təbii sərvətlərimizi talamaqla məşğuldur. Onlar erməni əsilli iş adamlarını Dağlıq Qarabağa dəvət edib, qanunsuz işlərlə məşğul olublar".
Teleqraf.com xəbər verir ki, bunu Baş Prokurorluğun Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirdiyi brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.
Baş prokuror qeyd edib ki, qanunsuz fəaliyyət göstərən 6 şirkət və 12 şəxs axtarışa verilib:
"Verilən məlumatlar bunu deməyə əsas verir ki 1994-cü ildən etibarən atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan təcavüzkar siyasətini davam etdirir. 1994-cü ildən etibarən Ermənistan silahlı qüvvələri mülki əhalini hədəf götürüb. Məqsəd isə mülki əhali arasında panika yaratmaqdır. Qeyd olunan bütün cinayətlərin törədilməsində Qarabağ yox, Ermənistanın hərbi qulluqçuları iştirak edib. Bu da o deməkdir ki, bütün konflikt Ermənistanın müdaxiləsi ilə bağlıdır. Ermənistan rəhbərliyi təcavüzkar siyasətindən əl çəkmir, Azərbaycan Respublikası və əhalisinə qarşı bunu həyata keçirirlər".