4 Oktyabr 2020 16:55
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

4 oktyabr 2020-ci il tarixində, Azərbaycan Respublikası Xarici İşlər nazirinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun Fransanın həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutdu.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, Nazir Ceyhun Bayramov, fransız həmsədrinə bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə məlumat vermişdir. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulamışdır.

Fransız həmsədrə məlumat verilib ki, bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxs şəhid olub, 111 nəfər isə yaralanıb. Stefan Viskontinin diqqətinə çatdırılmışdır ki, Ermənistan bu hərbi təxribatları həyata keçirməklə dinc əhalini terrora məruz qoymaq, hədələmək və çaxnaşma yaratmaq məqsədi güdür. Nazir, bunun Ermənistanın siyasi-hərbi rəhbərliyinin terror taktikasını bir daha nümayiş etdirdiyini vurğulamışdır.

Stefan Viskonti, bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə etmiş və atəşkəsə əməletmənin əhəmiyyətini vurğulamışdır.

Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə uyğun olaraq Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması bölgədə sülhün təmin olunması üçün mühüm şərt olmasını qeyd etmişdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər