“Sentyabrda Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatlarının bir çox çalarları Aprel döyüşləri ilə müqayisədə media üçün geniş imkanlar açır. Aprel döyüşləri konkret məkan uğrunda mövqe döyüş idi. Amma mahiyyət etibarilə indiki çox böyük əks-hücum əməliyyatlarıdır. Faktiki olaraq Azərbaycan öz ərazisində anti-terror əməliyyatları aparır, təcavüzkar separatizmi dəf etməklə məşğuldur və bunun üçün də kifayət qədər yüksək peşəkarlıq göstərən ordu ilə çıxış edir. Mövzunun miqyası istər-istəməz media üçün də böyük cəbhə açır. Burada o qədər maraqlı mövzular var ki, təkcə informasiyadan söhbət getmir, hamısı media üçün material verir”.
Bunu Teleqraf.com-a filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli deyib.
Məlumatların necə işıqlandırılmasına gəlincə, professor qeyd edib ki, həm televiziyalarda, həm saytlarda, həm də qəzetlərdə peşəkarlıq məsələsi önə çıxır: “Televiziya xəbərlərində çalışırlar ki, ciddi mövzular versinlər, bu, görünür. Amma qənaətimcə, hələ də bizim media, o cümlədən televiziyalar peşəkarlıq baxımından müəyyən qədər axsayır. Bu, ilk növbədə reportyor işi, analitikanın qismən zəif olması, araşdırma materiallarının arzuolunan səviyyəyə çatmaması ilə bağlıdır. Necə ki, döyüş əməliyyatlarında əsgərlər öz döyüş təcrübələrini zənginləşdirir, hesab edirəm ki, bu hadisələri işıqlandıranlar da gündən-günə mediada daha mükəmməl çıxış etməyə başlayır”.
Qulu Məhərrəmli hesab edir ki, hərbi sahədə informasiya əldə etmək üçün medianın əlavə imkanları var: “Müdafiə Nazirliyinin tək tələbi döyüş əməliyyatlarının işıqlandırılması ilə bağlı idi. Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad edilməsi tövsiyə olunur. Amma bu, media üçün məhdudiyyət deyil. Medianın özünün əlavə imkanları var. Belə ki, media qurumu öz müxbirlərini hadisə yerinə göndərə bilir, əgər akkreditasiya edə bilirsə, o, döyüş zonasına keçə bilir.
Bundan əlavə, “Azərtac”, “Turan” kimi informasiya agentlikləri var ki, onlar mötəbər mənbə sayılır. Beynəlxalq media da onlara istinad edir. Media qurumlarının öz əməkdaşlarını bölgələrə göndərməyi və mötəbər hesab olunan qaynaqlara istinad etməyi mediaya heç kim qadağan etmir. Amma döyüş əməliyyatlarının işıqlandırılması rəsmi yanaşma tələb edir.
Dezinformasiyalar həmişə olub və yenə də olacaq. Dezinformasiyalara qarşı mübarizə aparmaq jurnalistlərin işi deyil. Bununla bağlı müvafiq qurumlar, o cümlədən Müdafiə və Xarici İşlər nazirlikləri öz məlumatlarını mediada çap etdirir və bu məsələdə də mediada müəyyən mənada yardımçı olurlar”.