6 Oktyabr 2020 16:58
3 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün sentyabrın 27-dən etibarən Azərbaycanda internetin verilməsində məhdudiyyətlər tətbiq olunur. Artıq 9 gündür ki, bu məhdudiyyətlər davam edir. Hər bir istifadəçini düşündürən məqam isə belə davam edəcəyi halda aylıq internet ödənişinin necə olacağı, güzəşt olunub-olunmayacağıdır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Teleqraf.com-a bildirib ki, internetin verilməsi müqavilə ilə tənzimlənən məsələdir:

“Hər bir internet istifadəçinin provayderlərlə müqaviləsi var. Müqavilədə də bəlli sürətdə xidmətin alınması nəzərdə tutulub. Amma istifadəçidən asılı olmayan səbəblərdən internetin sürətində birtərəfli qaydada müəyyən dəyişikliklər olub. Hesab edirəm ki, səbəblər aradan qalxandan sonra provayderlərin istifadəçilərə müəyyən güzəştlər etməsi doğru olardı. Çünki bu, istifadəçilərdən asılı olmayan səbəblərdən baş verib. Çox güman ki, müqavilədə bununla bağlı hər hansı məqamlar nəzərdə tutulmayıb”.

Osman Gündüz problemi çəkişmə müstəvisində həll etməyə ehtiyac olmadığını düşünür:

“Amma istənilən halda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaranmış situasiya ilə əlaqədar provayderlərə bir tövsiyə hazırlaya bilər. Məsələn, növbəti aylarda istifadəçilərə əlavə sürət və digər imkanlar vermək kimi hansısa güzəştlər oluna bilər. Məsələni bu qaydada həll etmək daha doğru olardı.

Təklif edərdim ki, provayderlər öz müştərilərinə email göndərib yaranmış vəziyyətdən asılı olaraq növbəti ayda əlavə internet sürəti təklif etməklə bunun qarşılığını ödəsinlər. Məncə, indiki halda belə bir mesajların verilməsi doğru olardı”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər