6 Oktyabr 2020 20:29
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüfuzlu “The Korea Tayms” qəzetində çap olunan “Azərbaycan Ermənistan qoşunlarının dərhal geri çəkilməsini tələb edir” başlıqlı məqalədə münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyi barədə məlumat verilib.

Teleqraf.com xəbər verir ki, ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurovun müəllifi olduğu məqalədə sentybarın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində yaranmış vəziyyətdən söz açılıb. Bildirilib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisi çərçivəsində döyüş əməliyyatları aparır.

Münaqişənin tarixi barədə məlumat verən diplomat qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini 30 ilə yaxındır işğal altında saxlayıb. İşğal siyasəti nəticəsində bir milyon azərbaycanlı öz yurdundan qovularaq qaçqın və ya məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurası erməni silahlı birləşmələrinin Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın işğal olunmuş bütün ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, NATO kimi bir neçə beynəlxalq təşkilat da oxşar qərarlar qəbul edib. Amma Ermənistan beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməkdən boyun qaçırır.

Qeyd olunub ki, bəzi Qərb ölkələrinin mətbuatında Dağlıq Qarabağın “mübahisəli ərazi” kimi təqdim olunması təəssüf doğurur. Çünki beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı təsdiqini tapıb və bu əməl qınanıb.

Səfir R.Teymurov bəzi qərəzli məqalələrdə Azərbaycanın işğal olunmuş ərazilərinin əhalisinin etnik tərkibi barədə saxta məlumatların əksini tapdığını qeyd edib. Baxmayaraq ki, münaqişə başlayana yaxın erməni millətindən olanların sayı Dağlıq Qarabağda üstünlük təşkil edib, bu, onlara etnik təmizləmə aparmaq hüququ vermir. Bu cür etnik təmizləmə BMT Nizamnaməsinin əsas prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir.

Məqalədə bəzi KİV-lər tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin dini müstəviyə keçirilməsi cəhdləri pislənib və bunun əsassız olduğu vurğulanıb. Belə ki, Azərbaycanın əsrlər boyu multikultural, tolerant ölkə olması, burada müxtəlif dinlərə mənsub olanlar kimi, xristianların da dinc, dostluq şəraitində yaşadığı hamıya məlumdur. Hətta 2016-cı ildə Roma Papası Fransisk zorakı ekstremizmlə parçalanmış dünya üçün Azərbaycanı dini dözümlülük modeli kimi yüksək qiymətləndirib.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər